AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Səfiri səmimiyyətlə salamlayan dövlətimizin başçısı Beslanda baş vermiş dəhşətli terror hadisəsi nəticəsində xeyli sayda uşaqların, böyüklərin həlak olması, yaralanması xəbərindən qəlbən kədərləndiyini, ölçüyə gəlməyən bu faciə ilə əlaqədar Azərbaycan xalqı və şəxsən öz adından Rusiya Prezidenti Vladimir Putinə dərin hüznlə başsağlığı verdiyini bildirdi.
Xalqımızın terrorizmi qətiyyətlə pislədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın və Rusiyanın terrordan əziyyət çəkən ölkələr olduğunu vurğulayaraq bildirdi ki, beynəlxalq terrorizmə qarşı mübarizədə ölkələrimiz öz səylərini daha sıx birləşdirməlidirlər. Dövlətimizin başçısı dedi ki, bu ağır dəqiqələrdə Azərbaycan Rusiyanın yanındadır, mən hökumətə tapşırıq vermişəm ki, Rusiyanın, habelə Şimali Osetiyanın müvafiq strukturları ilə əlaqə saxlayıb vəziyyəti hərtərəfli öyrənsinlər və dərhal nə mümkünsə kömək göstərsinlər. Biz Beslanda baş vermiş faciədən əziyyət çəkmiş uşaqların, böyüklərin reabilitasiyası və istirahəti üçün Azərbaycanda hər cür şərait yarada bilərik.
Cənab Ryabovun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı bildirdi ki, səfir ölkəmizdə işlədiyi dövrdə Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin inkişafına öz töhfəsini vermişdir və indi bu əlaqələr sürətlə genişlənməkdədir.
Prezident İlham Əliyev dedi ki, Azərbaycan-Rusiya əlaqələrinin hazırkı yüksək səviyyəsi məhz cənab Heydər Əliyev ilə cənab Vladimir Putinin şəxsi dostluq münasibətləri sayəsində təmin olunmuşdur. Ölkələrimiz arasında siyasi-iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq uğurla davam etdirilir. Azərbaycan və Rusiya prezidentləri arasında indi də sıx əlaqələrin mövcud olduğunu nəzərə carpdıran dövlətimizin başçısı İlham Əliyev cənab Vladimir Putin ilə ölkələrimizi maraqlandıran bir çox məsələlər barədə daim geniş fikir mübadiləsi apardığını bildirdi.
Prezident İlham Əliyev ümidvar olduğunu vurğuladı ki, ölkələrimizin dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan ilə Rusiya arasında əlaqələr bundan sonra da uğurla inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən cənab Ryabov Prezident İlham Əliyevin Beslanda törədilmiş qanlı terror hadisəsini dərhal qətiyyətlə pisləyən bəyanat verməsini və Rusiya Prezidenti Vladimir Putinə başsağlığı teleqramı göndərməsini yüksək qiymətləndirdi.
Prezident Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Bakıda işləməsindən böyük şərəf duyduğunu söyləyən səfir ümummilli lider Heydər Əliyevi Azərbaycan xalqının atası adlandırdı. O, məmnunluqla bildirdi ki, Prezident Heydər Əliyevin siyasətini uğurla davam etdirən İlham Əliyev beynəlxalq hadisələrə dərindən bələd olan görkəmli siyasi xadim kimi böyük nüfuz qazanmışdır. Səfir dedi ki, cənab İlham Əliyev ümumxalq dəstəyi qazanıb və Azərbaycanın bütün sahələrdə uğurlu inkişafı göz qabağındadır. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi ölkələrimizin strateji tərəfdaşlığının daha da inkişaf etməsinə və möhkəmlənməsinə xidmət göstərir.
Ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə onun üçün yaradılmış gözəl şəraitə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirən, Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələrdə genişlənməsində Prezident İlham Əliyevin böyük rolu olduğunu bir daha nəzərə çarpdıran cənab Ryabov əmin olduğunu söylədi ki, bu əlaqələr bundan sonra da durmadan inkişaf edəcəkdir.