Azərbaycan Sahibkarlar Konfederasiyası Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasında iştirak edib
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasında təmsil olunub.
ASK-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Beynəlxalq İşəgötürənlər Təşkilatının, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin (SSBK) və digər beynəlxalq təşkilatların üzvüdür və 50-dən yuxarı digər sosial iqtisadiyönümlü beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurası sədrinin müavini Məmməd Musayevin rəhbərliyi ilə nümayəndə heyəti mayın 12-15-də Yunanıstanın Saloniki şəhərində Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının növbəti yığıncağında iştirak edib.
Tədbirin əsas mövzusu konqresin fəaliyyətinin aktual məsələlərinin müzakirəsi, konqresin üzvlərinin və tərəfdaşlarının iştirakı ilə praktiki proqram və layihələrin habelə, beynəlxalq iqtisadi əməkdaşlıq problemlərinin reallaşdırılması olub.
Şuranın iclasında nəqliyyat-logistika üzrə qarşılıqlı fəaliyyət, biznes proseslərinə hüquqi yardım, konqresin üzvlük bazasının daha da optimallaşdırılması, gələcək tədbirlərin hazırlanması məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində beynəlxalq və regional strukturların biznes nümayəndələri, Avropa və Asiyanın ayrı-ayrı dövlətlərinin aparıcı təşkilatlarının əməkdaşları ilə işgüzar görüş və danışıqlar aparılıb.