Azərbaycan səfiri pakistanlı tələbələrə Azərbaycan-Pakistan münasibətləri barədə mühazirə oxuyub
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Peşəvər Universitetinin rektoru professor Məhəmməd İdris ilə görüşüb.
Ölkəmizin Pakistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı iki ölkə universitetləri arasında təhsil sahəsi üzrə əlaqələrin daha da dərinləşdirilməsi və Peşəvər Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılması imkanları müzakirə olunub.
Xəzər Fərhadov Peşəvər Universitetinin Sosial Elmlər Fakültəsinin Beynəlxalq Münasibətlər Şöbəsində tələbələrə “Azərbaycan-Pakistan münasibətləri”, “Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü” və “Azərbaycanın Vətən müharibəsi” mövzularında mühazirə oxuyub.
Əvvəlcə ölkələrimiz arasında münasibətlərdən bəhs edən səfir Azərbaycan-Pakistan əlaqələrinin tarixi köklərə söykəndiyini bildirib, bu xüsusda Bakıda yerləşən Multani karvansarasını xüsusi qeyd edib. X.Fərhadov cari ilin Azərbaycanla Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu diqqətə çatdırıb. Ötən illər ərzində ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb. Hər iki ölkənin bir-birini həm ikitərəfli, həm də beynəlxalq arenada dəstəklədiyini qeyd edən diplomat Azərbaycanın Vətən müharibəsindən danışıb, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini diqqətə çatdırıb. Qardaş Pakistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə görə Ermənistanı dövlət kimi tanımadığı, Pakistanın istər keçmiş Dağlıq Qarabağ münaqişəsi, istərsə də Vətən müharibəsi dövründə ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi qeyd edilib.
İki ölkə arasında iqtisadi əlaqələrə toxunan səfir bu istiqamətdə Azərbaycan-Pakistan Hökümətlərarası Birgə Komissiyanın fəaliyyətini, həmin Komissiyanın tərkibində 10 müxtəlif sahə üzrə yaradılmış işçi qruplarını qeyd edib, aidiyyəti qurumlar tərəfindən ticarət dövriyyəsinin daha da artırılmasına xüsusi töhfə verəcək müvafiq addımların atıldığını bildirib. X.Fərhadov, həmçinin Azərbaycanla Pakistan arasında birbaşa uçuşların həyata keçirildiyini, pakistanlılar üçün “ASAN Viza” xidmətinin əlçatan olduğunu diqqətə çatdırıb. Sadalanan faktların ölkələrimiz arasında iqtisadi və turizm əlaqələrinin dərinləşməsinə, eləcə də xalqlarımız arasında münasibətlərin daha da güclənməsinə təkan verdiyini ifadə edib.
Azərbaycanla Pakistan arasında humanitar əlaqələrdən də söz açan səfir Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində urdu dili şöbəsinin, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin, Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin, Pakistan Milli Kitabxanasında Azərbaycanşünaslıq Mərkəzinin, Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi guşəsinin fəaliyyət göstərdiyini bildirib. X.Fərhadov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrdən də danışıb, bu layihələrin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xüsusi töhfə verdiyini diqqətə çatdırıb.
X.Fərhadov, həmçinin Azərbaycan, Pakistan, Türkiyə xarici işlər nazirləri və parlament sədrləri səviyyəsində üçtərəfli formatında əməkdaşlıq haqqında ətraflı məlumatları da tələbələrin diqqətinə çatdırıb.
Mühazirə zamanı tələbələrin sualları cavablandırılıb.
Tədbirdən sonra Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizm potensialını, həmçinin Vətən müharibəsindən müxtəlif məqamları özündə əks etdirən müxtəlif kitablar və digər əyani materiallar universitetin kitabxanasına hədiyyə edilib.