İQTİSADİYYAT
Azərbaycan şirkətinin iştirakı ilə “Turan” beynəlxalq təkrar sığorta hovuzu yaradılıb

Bakı, 28 dekabr, AZƏRTAC
Özbəkistan, Qazaxıstan, Azərbaycan və Gürcüstanın sığorta şirkətləri təkrar sığorta hovuzu yaradıblar.
AZƏRTAC “Forbes.kz” biznes nəşrinə istinadla xəbər verir ki, Daşkənddə “Halyk” (Qazaxıstan), “Apex Insurance” (Özbəkistan), “AzRe Təkrar sığorta” (Azərbaycan) və “Aldagi” (Gürcüstan) şirkətlərinin nümayəndələri “Turan” beynəlxalq təkrar sığorta hovuzunun yaradılmasına dair memorandum imzalayıblar. Onu Amerikanın sığorta brokeri “Marsh & McLennan Companies” qrupu idarə edəcək.
Hovuzun nizamnamə kapitalı 6 milyon dollar olacaq: “Halyk” və “AzRe Təkrar sığorta” hər biri 2 milyon dollar, “Apex Insurance” 1,5 milyon dollar, “Aldagi” 0,5 milyon dollar vəsait yatıracaq.
“Apex Insurance” şirkətinin müşahidə şurasının üzvü Ümid Xalikovun sözlərinə görə, sığorta haqları və zərərlər sığorta polisinin valyutası ilə, qeyri-rezidentlər arasında hesablaşmalar isə ABŞ dolları ilə həyata keçiriləcək. Tikinti, enerji, maliyyə, donanma, aviasiya, əmlak və mülki məsuliyyətlə bağlı sahələrdə risklər təkrar sığortalanacaq.
“Apex Insurance” qeyd edib ki, prioritet xətt 5 milyon dollara qədər, kvota xətti 2024-cü ilin sonuna qədər 100 milyon dollara qədər artmaqla, 40 milyon dollar təşkil edir.
“Turan” beynəlxalq sığorta hovuzu Rusiya həcmlərinin azalması fonunda MDB-dən olan oyunçular üçün əlavə təkrar sığorta potensialı yaratmaq niyyətindədir. “Halyk”ın rəhbəri Kaysar Abdir əlavə edib ki, qurumun yaradılması ideyası iki il əvvəl yaransa da, birliyin yaradılmasına səbəb geosiyasi vəziyyət olub.