ELM VƏ TƏHSİL
“Azərbaycan tarixi” fənn aylığının yekun konfransı keçirilmişdir
Bakı, 19 fevral (AZƏRTAC). Fevralın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Azərbaycan tarixi” fənn aylığının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransı BŞTİ-nin müdiri, Əməkdar Müəllim Nailə Rzaquliyeva açaraq tədbir haqqında məlumat vermişdir. Bildirmişdir ki, paytaxtın ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsi, tarixi irsimizin öyrənilməsi və təbliği məqsədilə silsilə tədbirlərin keçirilməsi ənənəyə çevrilmişdir.
Qeyd edilmişdir ki, BŞTİ tərəfindən 2012-ci il noyabrın 26-dan dekabrın 25-dək ümumtəhsil müəssisələrində “Azərbaycan tarixi” fənn aylığı elan edilmişdi. Ulu tariximizi öyrənmək, onu gənc nəslə sevdirmək bu gün müəllimlərin məslək borcu, vətəndaş amalıdır. Azərbaycan tarixinin şanlı səhifələrini bir daha vərəqləmək, tarixin qaranlıq səhifələrini işıqlandırmaq, gənclərimizdə Vətənə, dövlətimizə sədaqət ruhu formalaşdırmaq baxımından həyata keçirilən bu cür tədbirlər yüksək əhəmiyyətə malikdir. “Azərbaycan tarixi” fənn aylığı çərçivəsində 4 nominasiya üzrə keçirilən müsabiqədə 500 açıq dərs dinlənilmiş, 1200-dən artıq müəllim və şagirdin yaradıcı işi, referat və metodik iş təhlil olunmuş, 300 metodik guşəyə baxış keçirilmişdir.
N.Rzaquliyeva bildirmişdir ki, müəllim və şagirdlərimiz fənn aylığında iştirak etməklə tariximizə, mədəniyyətimizə və milli mənəvi dəyərlərimizə hörmət və sədaqət nümunələri təqdim etmişlər. Fənn aylığında BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin müəllimləri ilə yanaşı, VII-XI sinif şagirdləri də iştirak etmiş və tədbir üç mərhələdə keçirilmişdir. Məktəblərdə fənn aylığının keçirilməsinin ümumtəhsil müəssisələrində Azərbaycan tarixi fənnini yüksək səviyyədə tədris olunması, nümunəvi fənn kabinetlərinin yaradılması və muzeylərin yaradılmasına zəmin yaratdığı qeyd edilmişdir.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov, tarix elmləri doktoru, professor Vəli Əliyev və başqaları çıxış edərək qalibləri təbrik etmiş, Azərbaycan tarixinin öyrənilməsi və milli irsimizin qorunması və gənc nəslə çatdırılması istiqamətində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışlar. Çıxış edənlər Azərbaycanda təhsil sisteminin hərtərəfli inkişafında BŞTİ-nin xidmətlərini yüksək qiymətləndirmişlər. Qeyd edilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev elmin, təhsilin inkişafına və müəllim sənətinə daim diqqət və qayğı göstərmişdir.
Sonra “Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir” adlı “Azərbaycan tarixi” fənn aylığının 4 nominasiya ( Ən yaxşı dərs layihəsi və ya metodik tövsiyə, ən yaxşı metodik iş sistemi olan məktəb, ən yaxşı “Açıq dərs”, şagirdlərin Azərbaycan tarixi fənnindən ay ərzində keçilən mövzulara aid ən yaxşı yaradıcı işləri) üzrə qalibləri mükafatlandırılmışlar.
Tədbirdə Azərbaycanın qədim tarixini əks etdirən “Tariximizin qızıl yarpaqları” videoçarxı nümayiş etdirilmişdir.
Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.