CƏMİYYƏT
Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir
Bakı, 1 iyun, AZƏRTAC
Mərkəzi Gömrük Hospitalında balaca pasiyentlər üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş maarifləndirici aksiya keçirilib.
Tədbir zamanı Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev, pediatrlar, uşaq cərrahları və personal müalicə alan balaca pasiyentlərlə maarifləndirici söhbətlər aparıb, onlara hədiyyələr təqdim ediblər.
Tədbirin keçirilməsində məqsəd valideynlərin və uşaqların diqqətini sağlamlıqlarının qorunmasına yönəltmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, mütəmadi olaraq uşaqların müayinələrdən keçməsinin vacibliyini vurğulamaq olub.
Qeyd olunub ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü uşaqlar üçün əyləncəli bir bayram olmaqla yanaşı, həm də onların xoşbəxt, sağlam böyüməsi və gələcəkdə ölkənin layiqli vətəndaşları kimi formalaşmasının vacibliyini cəmiyyətə xatırladır. Xəstəliklərin erkən diaqnostikası yalnız xəstənin sağlamlıq vəziyyətini qiymətləndirməyə deyil, həm də müəyyən xəstəliklərin, patologiyaların inkişaf riskini vaxtında müəyyənləşdirməyə və qarşısını almağa imkan verir.
Uşaqların sağlam böyüməsi, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi üçün zəruri şəraitin yaradılması Mərkəzi Gömrük Hospitalının əsas məqsədlərindəndir.