CƏMİYYƏT
Azərbaycan tatarları Zəfər Gününü təntənə ilə qeyd ediblər
Bakı, 9 noyabr, AZƏRTAC
Rusiyanın Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində Azərbaycandakı tatar diasporunun Ağsaqqallar Şurası, K.Nasıri İnstitutunun Bakı Mərkəzi, “Ak Kalfak”, “Tuqan Tel”, “Tatarıstan” ictimai təşkilatları və Azərbaycanın Tatar İcması çıxış ediblər.
Tədbirin rəsmi hissəsi Qələbə marşı və Qarabağ müharibəsi qazilərini ehtiramla salamlamaqla başlayıb. Diasporun gənc nümayəndələri qazilərə gül dəstələri təqdim ediblər.
Sonra K.Nasıri Mərkəzi vokal kursunun tələbəsi Rafael Usmanov “Qələbə” mahnısını ifa edib.
“Şuşa dağları” rəqsini ifa edən altı yaşlı Mədinə Hüseynovanın çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hacı Farqat Qafurov onların ruhuna dualar oxuyub. Qazilər Nail Bektemirov, Bayram Muxtarov, Rasim Yaxin, Albert Menyayev, Fərrux Mirzə Şərifov-Qacar xatirələrini bölüşüblər.
Sonra icma üzvləri Vətən müharibəsinə, Azərbaycan Ordusuna həsr etdikləri şeirlərini oxuyub, konsert proqramı təqdim ediblər.
Tədbirdə Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Murad Qadılşin iştirak edib.