CƏMİYYƏT
Azərbaycan Texniki Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin sədası” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev gənclərin vətənpərvərliyi və bu Qələbənin əldə olunmasında onların rolu haqqında danışıb. Bildirib ki, Texniki Universitet 1-ci Qarabağ müharibəsində 50 şəhid verib və onların 10-u Milli Qəhrəman adı alıb. İkinci Qarabağ müharibəsində isə universitet 36 şəhid verib, 86 gənc tələbə ikən cəbhəyə yollanıb.
Sonra Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Nərminə Hüseynzadə, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı Ələkbərli və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçusu Mayor Elşad Təhməzov çıxış ediblər. Onlar 44 günlük Vətən müharibəsində şanlı Zəfərə gedən yolda gənclərimizin göstərdiyi əzmi yüksək qiymətləndiriblər.
Qeyd edək ki, tədbir Gənclər Fondunun dəstəyi, Gənclər Təşkilatları Milli Şurası, “Böyük Qayıdış” Gənclər Təşkilatı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.