Azərbaycan Texniki Universitetinin tələbələri Almaniyanın ali təhsili haqqında məlumatlandırılıblar
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün “WORLD LANGUAGE CENTER” şirkətinin nümayəndələri tərəfindən Almaniya ali təhsilinin təqdimatı keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov tələbələrə Almaniya ali təhsili haqqında məlumat verərək qeyd edib ki, azərbaycanlı tələbələr Avropada, xüsusilə də Almaniyada təhsil almaq imkanına malikdirlər. Sübhan Namazov bildirib ki, son illər ölkələrimiz arasında yaranan qarşılıqlı dostluq münasibətləri azərbaycanlı gənclərə Almaniyada təhsil almağa və bu ölkədə uğurlu karyera qurmağa geniş imkan yaradıb. Prorektor qeyd edib ki, AzTU-nun dünyanın bir sıra universitetləri, o cümlədən Avropa, Amerika Birləşmiş Ştatları, Türkiyə, Müstəqil Dövlətlər Birliyi və Şərqi Asiya ölkələrinin universitetləri ilə mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələri tələbələrin mübadilə proqramlarında iştirak etməsinə də şərait yaradıb. Həmçinin son illər universitetlər arasında imzalanan ikili diplom müqavilələri çərçivəsində bəzi ixtisaslara dair dünyanın qabaqcıl universitetlərinin diplomlarına yiyələnmə imkanının yarandığını deyən professor Sübhan Namazov bundan sonra da AzTU-nun müasir, inkişaf etmiş elm və təhsil prosesinə inteqrasiyasının sürətləndirilməsi üçün önəmli addımlar atılacağını bildirib.
Daha sonra “WORLD LANGUAGE CENTER” şirkətinin nümayəndəsi İsmayıl Qədimli Almaniya universitetlərinə qəbulun qayda və şərtləri haqqında tələbələrə ətraflı məlumat verib. Qeyd olunub ki, Almaniyada bakalavr təhsili ödənişli əsaslarla həyata keçirilir. Bununla belə, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq arzusunda olan gənclər bəzi təqaüd proqramlarından yararlana bilərlər.
Tədbirin sonunda tələbələri maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb və onların sualları cavablandırılıb.