Azərbaycan Texnologiya Universitetinin müəllim və tələbə kollektivi tibbi profilaktik müayinədən keçirilib
Gəncə, 5 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər 6 saylı poliklinikanın həkimləri və tibb işçiləri tərəfindən Azərbaycan Texnologiya Universitetində müəllim və tələbə heyətinin tibbi müayinəsi təşkil olunub.
Gəncə Şəhər Səhiyyə İdarəsinin Mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, universitetdə keçirilən tibbi profilaktik baxışlar ali təhsil müəssisəsində çalışan 400-dək müəllim və burada təhsil alan 2 mindən çox tələbə üçün nəzərdə tutulub.
Tibbi baxışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq və başqa ixtisas həkimləri cəlb edilib. Həkimlər tərəfindən rentgen, laborator və tibbi göstəriş üzrə müxtəlif müayinələr aparılıb. Xəstəliyi aşkar olunanlar aidiyyəti üzrə ambulator müalicə üçün tibb müəssisələrinə göndərilib.
Tibbi müayinələrlə yanaşı, Azərbaycan Texnologiya Universitetində müəllim və tələbələr üçün sağlam həyat tərzinin təbliği məqsədilə Gəncə Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədovun “Onkoloji xəstəliklərin profilaktikası” mövzusunda mühazirəsi dinlənilib. Tədbirin sonunda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.