Azərbaycan-Ukrayna ticarət-iqtisadi əməkdaşlığı müzakirə edilib
Bakı, 11 iyun, AZƏRTAC
Ukraynanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə “Ukrayna-Azərbaycan: qlobal dəyişikliklər zamanı ticarət-iqtisadi əməkdaşlıq” mövzusunda videokonfrans keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, videokonfransda KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta biznesin (KOB) inkişafı istiqamətində görülən işləri, bu sahədə agentliyin fəaliyyətini diqqətə çatdırıb, KOB sahəsində Ukraynanın müvafiq qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq imkanlarına toxunaraq hər iki ölkənin KOB-larının iştirakı ilə birgə klasterlərin yaradılmasına, Dövlət-Özəl Tərəfdaşlığı sahəsində Ukrayna təcrübəsinin öyrənilməsinə, Azərbaycan-Ukrayna İşgüzar Şurasının yaradılmasına dair fikir və təkliflərini bölüşüb. O, həmçinin onlayn tədbirdə postpandemiya dövründə Azərbaycan hökuməti tərəfindən prioritet olaraq müəyyən edilmiş turizm, telekommunikasiya, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı və digər perspektivli sahələrə Ukrayna investorlarını sərmayə yatırmağa dəvət edərək bu sahədə agentlik tərəfindən hərtərəfli dəstəyin göstəriləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı və Ukraynanın ölkəmizdəki səfirlərinin, dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirak etdiyi videokonfransda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri, ticarət dövriyyəsinin artırılması imkanları, işgüzar görüşlərin təşkili və sair məsələlər müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.