Azərbaycan Universitetində “Nəsimi ili” ilə bağlı tədbirlər planı hazırlanıb
Bakı, 8 fevral, AZƏRTAC
Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edib. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycan Universitetində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.
Azərbaycan Universitetindən AZƏRTAC-a bildirilib ki, tədbirlər planına əsasən bu ali məktəbin “İpək yolu” elmi jurnalında və “Çağlayan” korporativ informasiya jurnalında Nəsiminin ədəbi irsi ilə bağlı publisistik yazılar və aparılan tədqiqatların nəticələri dərc olunacaq. “İpək yolu” jurnalının birinci nömrəsi böyük şairin yaradıcılığına həsr ediləcək. İl ərzində Nəsiminin həyat və yaradıcılığına aid mühazirələr, tələbələrin iştirakı ilə ədəbi-bədii gecə, müsabiqə və olimpiadalar təşkil olunacaq, nəsimişünas alimlərlə tələbələrin görüşləri keçiriləcək.
Tədbirlər planı çərçivəsində şairin 650 illik yubileyinə həsr olunmuş dəyirmi masa və seminarların, onun bədii irsini əks etdirən kitab sərgilərinin təşkili, universitetdə “İmadəddin Nəsimi Auditoriyası”nın yaradılması da nəzərdə tutulur.