Azərbaycan və Avstriya arasında texnika və texnologiya sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 2 iyun, Xatirə Cəfərova, AZƏRTAC
İyunun 2-də Bakıda Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl Azərbaycan Respublikası tərəfindən komissiyanın həmsədri, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla Avstriya Respublikası tərəfindən komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qirlinqer arasında ikitərəfli görüş keçirilib.
Sonra Birgə Komissiyanın 8-ci iclasında hər iki ölkənin iqtisadi göstəriciləri, eləcə də qarşılıqlı ticarət dövriyyəsi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti barədə məruzələr olunub.
Əli Abbasov Birgə Komissiya çərçivəsində keçirilən iclas və görüşlərin nəticələrindən danışıb və gələcək əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Nazir həmçinin müzakirə olunan protokolun informasiya və kommunikasiya texnologiyaları bölməsinə dair çıxış edərək, perspektiv planlardan söz açıb.
Bernadette Qirlinqer dünyada müşahidə edilən qlobal böhrana baxmayaraq, Azərbaycan ilə Avstriya arasında iqtisadi münasibətlərin inkişaf etdiyini deyib. Avstriyanın iqtisadi vəziyyəti ilə bağlı geniş təqdimatla çıxış edən həmsədr son 10 ildə həyata keçirilən işlərdən danışıb. İki ölkə arasında əməkdaşlıq perspektivlərindən söz açan Bernadette Qirlinqer alternativ və bərpa olunan enerji, turizm sənayesi, telekommunikasiya, infrastruktur, kənd təsərrüfatı sahələri üzrə münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
İclasda geniş tərkiblə təmsil olunan Avstriya nümayəndə heyətinin üzvləri təqdimatla çıxış edərək, şirkətlərin fəaliyyət istiqamətləri və onların Azərbaycan bazarına göstərdikləri maraqdan söz açıblar.
Sonda Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasının protokolu imzalanıb. Sənədi Azərbaycan tərəfdən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Avstriya tərəfdən isə iqtisadiyyat, ailə və gənclər üzrə federal nazirin müavini xanım Bernadette Qirlinqer imzalayıblar.