Azərbaycan və Finlandiyanın turizm sahəsində təhsil alan tələbələri Qubanın ekoloji resurslarını öyrənirlər
Bakı, 27 aprel, AZƏRTAC
“Ekoloji Tarazlıq” İctimai Birliyi ilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) arasında bağlanan əməkdaşlıq müqaviləsinin şərtləri əsasında Finlandiyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə “Kənd turizmi marketinq strategiyasının inkişaf etdirilməsi” mövzusunda yaz düşərgəsi təşkil olunub. Aprel ayının ikinci ongünlüyündə Qubada “Azərbaycanda dayanıqlı turizm və sahibkarlığın inkişafı” layihəsi çərçivəsində təşkil olunan ekoloji yaz düşərgəsində Azərbaycan Turizm və Menecment Universiteti və Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetinin turizm və otelçilik ixtisası üzrə təhsil alan 11 tələbəsi iştirak edib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, düşərgənin təşkilində əsas məqsəd turizm və otel menecmenti sahəsində təhsil alan tələbələr tərəfindən Azərbaycanın və Finlandiyanın ekoloji turizm potensialının təhlil edilməsi, Quba regionunun mədəni irsi, tarixi, ekoloji resurslarının öyrənilməsi, eyni zamanda, gələcəkdə Quba-Qusar regionuna səfər edəcək turistlər üçün tur paketlərin hazırlanmasıdır.
Yaz düşərgəsinin iştirakçıları Qubada olduqları müddətdə müxtəlif etnik azlıqların məskunlaşdığı ərazilərə, azsaylı xalqların sənətkarlıq nümunələrini əks etdirən muzeylərə baş çəkiblər. Tədbir çərçivəsində tələbələrə turizm sahəsi üzrə peşəkar ekspertlər tərəfindən Azərbaycanın və qonşu ölkələrin (Türkiyə və Gürcüstan) təkmilləşmiş eko-turizm təcrübəsi, həmçinin müvafiq region üzrə tur paketlərin hazırlanması imkanları haqqında ətraflı məlumat verilib. Azərbaycanın və Finlandiyanın müvafiq universitetlərinin tələbələri tədbirin sonunda öz ölkələrinin mövcud turizm potensialı, bu sahədə dövlət dəstəyi, turistlər üçün yeni perspektiv imkanlar barədə məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, layihə çərçivəsində 2018-ci ildə turizm mütəxəssisləri tərəfindən Azərbaycanda ekoloji turizmin inkişafı məqsədilə marketinq strategiyasının hazırlanması və müvafiq dövlət qurumlarına təqdim olunması məqsədəuyğun sayılıb. Turizm sahəsində çalışan qadın sahibkarlara biznesin təşkili, o cümlədən müasir marketinq strategiyasına əsaslanan inkişaf, regional və beynəlxalq əməkdaşlığın inkişafı üzrə təlimlərin aparılması nəzərdə tutulub.