İQTİSADİYYAT
Azərbaycan və Misir arasında şəhərsalma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 15 fevral, AZƏRTAC
Qahirədə səfərdə olan Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Misirin şəhərsalma və şəhər icmaları naziri Assem Əl-Qazzar ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin bu yaxınlarda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün iki dost ölkə arasında iqtisadi əlaqələrin, o cümlədən şəhərsalma və urbanizasiya sahəsində əməkdaşlığın inkişafına təkan verəcəyi vurğulanıb.
A.Quliyev ölkəmizdə şəhərsalma sahəsində görülən işlər, xüsusən Azərbaycanın işğaldan azad olunmuş şəhərlərində aparılan genişmiqyaslı tikinti-quruculuq prosesi barədə ətraflı məlumat verib. O qeyd edib ki, infrastruktur layihələrinin həyata keçirilməsində Misirin müvafiq hökumət strukturları və özəl şirkətləri ilə əməkdaşlıq hər iki ölkənin mənafelərinə uyğundur. O bildirib ki, ötən il oktyabrın 5-6-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə əməkdaşlığı ilə Ağdam və Bakı şəhərlərində “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda ilk Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Foruma 45 ölkədən yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri, elm adamları, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qardaşlaşma əlaqələri olan xarici tərəfdaşlar və digər maraqlı tərəflər daxil olmaqla, ümumilikdə 400-dən çox iştirakçı qatılıb. Komitə sədri misirli həmkarını növbəti forumda iştirak etməyə dəvət edib, həmçinin Qahirədə təşkil olunacaq Dünya Urbanizasiya Forumunun 12-ci sessiyasına dəstəyini ifadə edib.
Misirli nazir Assem Əl-Qazzar rəhbərlik etdiyi qurumun Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib, Misirin yeni inzibati paytaxtında, habelə digər iri şəhərlərində həyata keçirilən inşaat layihələri barədə ətraflı məlumat verib. O əlavə edib ki, Misir və Azərbaycanın uyğun hökumət strukturları dördüncü nəsil “ağıllı” şəhərlərin salınması üzrə layihələrin həyata keçirilməsində əməkdaşlıq edə, həmçinin iki ölkənin mütəxəssislərinin qarşılıqlı səfərləri və təcrübə mübadiləsi təşkil oluna bilər.
Görüşdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov iştirak edib.