Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Bakı, 12 oktyabr (AZƏRTAC). Oktyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov mətbuata bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin  bəyanatı

- Hörmətli İslam Abduqəniyeviç!

Hörmətli qonaqlar!

Əziz dostlar!

Hörmətli cənab Prezident, Sizi Azərbaycan torpağında salamlamağa şadam. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaqdır.

Ölkələrimiz arasında münasibətlər çox dinamik, effektiv və səmərəli inkişaf edir. Sizin gözəl ölkənizə rəsmi səfərlərimi xatırlayıram və Sizin tərəfinizdən mənə, mənim nümayəndə heyətimin üzvlərinə göstərilən qonaqpərvərlik mənim üçün çox qiymətlidir. Qarşılıqlı səfərlər bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərin fəal inkişafına şərait yaradır. Onlar bütün sahələrdə münasibətlərin inkişafına güclü təkan verir və dövlətlərimiz arasında yaranan münasibətlər bizi çox sevindirir. Müstəqillik əldə edəndən sonra keçən 21 il ərzində ölkələrimiz arasında həqiqətən dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri yaranmışdır.

Biz beynəlxalq təşkilatlarda da bir sıra istiqamətlər üzrə fəal qarşılıqlı əlaqə saxlayırıq. Bu, mənim üçün çox xoşdur. Biz iştirak etdiyimiz bütün beynəlxalq qurumlarda, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, digər təşkilatlarda bir-birimizi həmişə dəstəkləyirik. Keçən il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçkilər zamanı Özbəkistandan aldığımız fəal dəstəyə görə çox minnətdarıq. Ölkəmizə qardaşcasına münasibətin daha bir təzahürü olan bu dəstək bizə çox lazım, bizim üçün çox qiymətli idi. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Özbəkistanın prinsipial mövqeyinə görə də çox təşəkkür edirik. 2008-ci ildə BMT-nin Baş Məclisində Azərbaycanın irəli sürdüyü qətnamənin Özbəkistan tərəfindən dəstəklənməsi də Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. Biz də bütün beynəlxalq təşkilatlarda qardaş Özbəkistanı həmişə dəstəkləmişik və dəstəkləyəcəyik. Başqa sözlə desək, beynəlxalq arenada bu cür fəal qarşılıqlı əlaqələr, dünya siyasəti məsələlərinə dair mütəmadi fikir mübadiləsi, habelə bizim bu gün apardığımız fikir mübadiləsi də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin çox möhkəm və səmimi olmasına dəlalət edir.

Əlbəttə, ölkələrimiz arasında münasibətlərin zəngin tarixi vardır. Xalqlarımız arasında dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək münasibətləri çoxəsrlik tarixə malikdir. Biz münasibətlərimizi bu zəmin üzərində qururuq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət məsələlərini, regional problemləri də ətraflı müzakirə etdik. Təbii ki, bizim regionların öz spesifikası ilə yanaşı, ortaq cəhətləri də çoxdur. Mənim fikrimcə, Özbəkistanın və Azərbaycanın riskləri minimuma endirmək, əməkdaşlıq və qarşılıqlı anlaşma ab-havasını möhkəmlətmək siyasəti ölkələrimizin yerləşdiyi regionlardakı dövlətlər arasında geniş əks-səda doğurur, habelə vəziyyətin sabitləşməsi məsələsində mühüm rol oynayır. Bu gün həm Özbəkistan, həm də Azərbaycan öz regionlarında sabitləşdirici rol oynayır. İndiki mərhələdə, bizim regionlarda potensial risklərin artdığı vaxtda bu rol xüsusi əhəmiyyət kəsb edir. Buna görə də bizim ölkələrin yerləşdiyi regionlarda hadisələrin proqnozlaşdırıla bilməsi, çox cəhətdən ölkələrimiz arasında qarşılıqlı əlaqələrdən, fəal siyasi məsləhətləşmələr aparılmasından asılıdır. Biz də öz tərəfimizdən regionda etimad tədbirlərini möhkəmlətmək, daha yaxşı qarşılıqlı anlaşmaya şərait yaratmaq və mövcud problemləri tənzimləmək üçün bundan sonra da əlimizdən gələni etməyə çalışacağıq.

Kommunikasiya layihələri sahəsində irəli sürdüyümüz təşəbbüslər də böyük əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması yeni, əvvəlkindən xeyli qısa, iqtisadi baxımdan səmərəli nəqliyyat arteriyaları yaratmağa imkan verən nəqliyyat və kommunikasiya layihələri üçün tamamilə yeni şərait yaradır. Həmçinin bu proseslər həmin layihələrə cəlb edilmiş ölkələr arasında qarşılıqlı anlaşma və əməkdaşlıq üçün daha yaxşı şərait yaradacaqdır. Əslində biz Özbəkistanla birlikdə yeni magistral, yeni İpək Yolu tikirik. Bu yol qitələri birləşdirəcək, böyük nəqliyyat potensialını, bu potensialın ölkələrimiz üçün reallaşmasını uzun illər ərzində təmin edəcək, bizim regionda etimad tədbirlərini möhkəmlətməyə şərait yaradacaqdır.

Biz müştərək investisiya layihələrini nəzərdən keçirməyə hazırıq. Zənnimcə, bunun üçün yaxşı imkanlar vardır. Həm Özbəkistan, həm də Azərbaycan çox böyük iqtisadi və maliyyə potensialına, böyük texniki imkanlara malik olan ölkələrdir. Hökumətlərarası Komissiyanın bu günlərdə keçirilmiş iclası da, mənim fikrimcə, iqtisadi əlaqələrin inkişaf yollarını müəyyən etmişdir. Hesab edirəm ki, ölkələrimiz arasında təəssüf ki, hələlik lazımi səviyyədə olmayan əmtəə dövriyyəsinin həcminin artırılmasına dair müştərək layihələrin həyata keçirilməsində bizim istehsalçıları dəstəkləməliyik.

Bu gün biz elm, mədəniyyət, təhsil sahələrində, humanitar sahədə əməkdaşlıqla bağlı məsələlərlə yanaşı, həm də daha geniş planda, dünyada bu münasibətlərin necə qurulmalı olması məsələsini, humanitar əməkdaşlıq proseslərində bizim ölkələrin rolu və yeri məsələlərinə konseptual yanaşmanı da hərtərəfli, çox geniş müzakirə etdik. Bizim ortaq fikrimiz belədir ki, biz öz ölkələrimizdə milli mədəni irsimizi qoruyub saxlamalı və möhkəmlətməliyik. Gənclər milli ruhda, öz dəyərlərinə, xalqlarımızın çoxəsrlik tarixi ərzində formalaşmış dəyərlərə sədaqət ruhunda tərbiyə edilməlidir.

Sonda demək istərdim ki, müzakirə edilən mövzular və fikir mübadiləsi mövqelərimizin oxşarlığını, deyərdim ki, regional siyasət, dünya siyasəti məsələlərinə mövqeyimizin identikliyini və ölkələrimiz arasında strateji tərəfdaşlığı möhkəmlətmək əzmində olduğumuzu göstərdi.

Hörmətli İslam Abduqəniyeviç, ölkəmizə səfər etmək dəvətini qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Sizə və xalqınıza xoşbəxtlik və firavanlıq arzulayıram.

Sağ olun.

X X X

Özbəkistan Prezidenti İslam Kərimovun  bəyanatı

- Sağ olun, İlham Heydər oğlu!

Hörmətli kütləvi informasiya vasitələri nümayəndələri!

Əvvələn, Özbəkistan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə, səmimi qəbula görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, bütün azərbaycanlı dostlarımıza bir daha səmimi minnətdarlığımı bildirmək istərdim.

Mən kütləvi informasiya vasitələrinin burada iştirak edən nümayəndələrinə hər şeydən əvvəl onu bildirmək istərdim ki, biz Özbəkistan nümayəndə heyətinin Azərbaycana bu rəsmi səfərini yüksək səviyyədə görüşlərimizin məntiqi və eyni zamanda, zəruri davamı, ikitərəfli münasibətlərimizin vəziyyətini müzakirə etmək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın ən aktual məsələlərinə dair birgə mövqelərimizi və qərarlarımızı işləyib hazırlamaq, nəhayət, beynəlxalq həyatın ən aktual problemlərinə dair fikir mübadiləsi aparmaq üçün yaxşı bir imkan hesab edirik. Zənnimcə, bu gün onu deməyə ehtiyac yoxdur ki, mövcud vəziyyət təkcə bizim regionlarda - Cənubi Qafqazda və Mərkəzi Asiyada deyil, onların hüdudlarından kənarda da şəraiti sürətlə dəyişir. Təhlükəsizliyə və sabitliyə meydan oxunması, terrorizm təhdidləri, narkotiklər təcavüzünün miqyasının genişlənməsi ilə əlaqədar yaranmış ciddi problem, davam etməkdə olan qlobal maliyyə-iqtisadi böhranla, bilavasitə onun nəticələri ilə əlaqədar mürəkkəb proseslər bu cür görüşlərin, problemlərə ümumi yanaşma və mövqelər işlənib hazırlanmasının zəruriliyini şərtləndirir.

Təbii ki, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, onların vəziyyəti, əməkdaşlığı daha da fəallaşdırmaq, onun səmərəliliyini, ilk növbədə ölkələrimiz arasında ticari-iqtisadi münasibətləri fəallaşdırmaq üçün tədbirlər görülməsi perspektivləri bizim görüşdə və danışıqlarda mühüm yer tutmuşdur. Mən İlham Heydər oğlunun bu fikri ilə tam razıyam ki, ilk növbədə bizim ticarət münasibətlərinin səviyyəsi həm Özbəkistan tərəfini, həm də Azərbaycan tərəfini açıq-aşkar qane etmir. Bizim potensial imkanlarımızdan indiyə qədər o dərəcədə pis istifadə edilir ki, biz sadəcə nəticələr çıxarmaqla kifayətlənməyib bu əmtəə dövriyyəsinin həqiqətən lazımi səviyyədə olması üçün zəruri təsirli tədbirlər görməliyik. Azərbaycanın bizdən müəyyən qədər uzaqda yerləşməsi və bu gün Mərkəzi Asiyanı Cənubi Qafqazla birləşdirən kommunikasiyaların vəziyyəti buna müəyyən dərəcədə mane olur. Bu gün Azərbaycan yeni tranzit kommunikasiya xətlərinin çəkilişi üzrə praktiki olaraq liderdir. İndi Azərbaycan 10-15 il bundan əvvəl sadəcə ağlasığmaz olan layihələrin ən mühüm təşəbbüskarlarından biridir. Bakı-Tbilisi-Qars dəmir yolu mənim fikrimcə, bu gün tamamilə yeni kommunikasiya istiqamətidir. O, təkcə bugünkü vəziyyətdə həlledici rol oynamayacaqdır. Mənim bildiyimə görə, bu yolun yaxın vaxtlarda - bu ilin sonuna qədər və ya gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Lakin demək istəyirəm ki, sadəcə Azərbaycanı Özbəkistanla birləşdirən kommunikasiyaları nəzərə alsaq, bu gün Azərbaycan, İlham Heydər oğlunun qeyd etdiyi kimi, Cənubi Qafqazın əsas, aparıcı, mühüm dövlətlərindən biridir. Üstəlik, Azərbaycanın inkişaf sürəti və dinamikası bəlkə də kimlərinsə ciddi həsədinə səbəb olur, Azərbaycanın dostları isə onu tamamilə dəstəkləyirlər. Bunu nəzərə alsaq, bu gün Azərbaycan təkcə iqtisadi inkişaf baxımından, onun malik olduğu zəngin ehtiyatlardan istifadə edilməsi baxımından lider deyildir. Son illərdə baş verən və indi də davam edən hadisələrə nəzər salsaq, öz təəssüratlarıma əsasən deyə bilərəm ki, mən dörd il bundan əvvəl - 2008-ci ildə burada olmuşam. O vaxtdan dörd il keçib. Bu, praktiki baxımdan çox qısa müddətdir. Lakin mən dünən və bu gün şəhərin bir hissəsini gəzmişəm. Gördüklərim məni sadəcə olaraq heyran etdi. Bakıda baş vermiş yeniliklər, dəyişikliklər, quruculuq işlərinin miqyası heyrət doğurur. Praktiki olaraq bütün magistral kommunikasiyalar tamamilə yenilənmişdir. Regionlarda Şərq ölkələri üçün bəlkə də qeyri-adi konstruksiyalardan və memarlıq həllərindən istifadə edilməklə aparılan tikinti bir daha belə bir qəti inam yaradır ki, Azərbaycan sadəcə Şərqin mərkəzlərindən biri deyil, artıq müasir ölkədir, müasir memarlıq həllərinin tətbiq edildiyi müasir sivilizasiyadır. Heç kəs inkar edə bilməz ki, bütün bunlar ilk növbədə bu gün Azərbaycanda təkcə istehsalın inkişafı, ümumi daxili məhsulun artırılması baxımından deyil, həm də Azərbaycan üçün tamamilə yeni olan ayrı-ayrı sahələrin inkişafı baxımından çox böyük dəyişikliklərə dəlalət edir.

Bu gün Azərbaycan təkcə neft və qaz təchizatçısı deyil, enerji təhlükəsizliyi baxımından çox böyük rol oynayan mühüm ölkələrdən biridir. Bu da çox vacibdir ki, bu gün ölkənin emal müəssisələri, neft və qaz emalı müəssisələri öz sözünü daha inamlı deyirlər.

Hesab edirəm ki, perspektivdə bu, olduqca mühüm maddə, mən deyərdim, yaxın vaxtlarda Azərbaycanı gözləyən ciddi struktur dəyişikliklərinin istiqaməti olacaqdır. “Struktur dəyişikliyi” nə deməkdir? Bu, sadəcə sənayenin və heç də təkcə neft emalı sənayesinin şaxələndirilməsi deyildir, bütün iqtisadiyyatın şaxələndirilməsidir. Əlbəttə, sosial sahədə baş verən dəyişikliklər daha çox heyrətləndirir. Şəhərin bu cür tikilib abadlaşdırılması, Bakıda bu cür dəyişikliklər, təəssüf ki, bütün Azərbaycanı gəzib-dolaşmaq imkanım yoxdur. Hər halda nə vaxtsa bunu etmək istərdim. Ümidvaram ki, belə bir imkan mənə nəsib olacaqdır. Mən buna ümid bəsləyirəm.

İlham Heydər oğlu ilə birlikdə tarixi yerləri, deyərdim, əsl Azərbaycan şəhərlərini, kəndlərini gəzmək, kənd sakinlərini, ziyalıları, bu gün Azərbaycanın zəngin olduğu bütün sahələrin nümayəndələrini, ilk növbədə, mənə qəlbən yaxın olan insanları görmək barədə düşünürəm. Belə insanlara rəğbətlə yanaşıram. Çünki onlara böyük hörmət bəsləyirəm. Bu, bizim ümumi tariximizdir. Onlar bizim insanlara çox oxşayan, təxminən eyni dildə danışan insanlardır. Mən dünən Azərbaycan melodiyalarını dinləmək üçün böyük məmnuniyyətlə televizoru yandırdım. Zənnimcə, təbiətin özü, bu şəhərlərin və kəndlərin aurası elədir ki, bunu sadəcə görmək, yaxından tanış olmaq deyil, ən başlıcası bizim ümumi cəhətlərimizin çoxluğuna, bir məqsədə xidmət etdiyimizə bir daha əmin olmaq çox xoş olacaqdır. Başqa məqsəd olmamalıdır, alternativ də yoxdur - münasibətlərimizin tam möhkəmləndirilməsi və deyərdim ki, həm Azərbaycana, həm də Özbəkistana münasibətdə, demək olar, üst-üstə düşən çağırışlara ümumi yanaşmalar, onlara dair ümumi həll yolları olmalıdır. Bunlar o qədər oxşardır ki, İlham Əliyev öz problemlərindən, mən isə öz problemlərimdən danışanda fikirləşirəm ki, bu problemlər mənə tanışdır, bizim problemlərlə tutuşdururam - bunlar demək olar bir-birindən az fərqlənən problemlərdir. Həm xarici təhdidlər baxımından, həm də daxildə, ilk növbədə, şəhərlərimizdə, dövlətimizdə təhlükəsizliyi, sabitliyi təmin etmək üçün həll etməli olduğumuz problemlər baxımından. Ən başlıcası isə Bakının timsalında gördüyüm yaradıcı planlar baxımından. Ümidvaram ki, İlham Heydər oğlu bizə gələndə mən də onu sevindirəcəyəm, Daşkənd şəhərinin yeni tikililərini göstərəcəyəm. Əgər vaxt olsa, Səmərqəndə, Buxaraya və Xivəyə gedərik. Xalqlarımızı yaxınlaşdıran cəhətləri, ümumi tariximizi, Azərbaycanın rəhbərinə də, onu müşayiət edəcək şəxslərə də xoş təsir bağışlayacaq çox şeyi görə bilərik. Mən xahiş edirəm ki, Sizin nümayəndə heyətinizdə tamamilə fərqli ixtisaslardan olan insanlar - tarixçilər, dilçilər, ziyalıların nümayəndələri, ümumi yaxınlaşmağımıza xidmət edən şəxslər daha çox olsunlar.

Azərbaycan və Özbəkistan tərəfləri arasında baş tutmuş, müzakirə etdiyimiz demək olar bütün məsələlər üzrə yaxınlığı, mövqelərin üst-üstə düşməsini, hesablamaları təsdiq etmiş danışıqların yekunlarından tam məmnun qaldığımı ifadə etmək istərdim. Azərbaycan Prezidenti ilə danışıqlarda Dağlıq Qarabağ problemi ilə bağlı Özbəkistanın mövqeyinin dəyişməz, əsaslı olduğu vurğulanmışdır. Özbəkistan tərəfi bu çoxillik münaqişənin həmişə sülh yolu ilə siyasi həllinə tərəfdar olmuş, tərəfdardır və bundan sonra da tərəfdar olacaqdır və onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını kifayət qədər uzanmış bu problemin həllinin əsas şərtlərindən biri sayır. Biz bu problemin bütün Azərbaycan üçün, bütün xalq üçün, xüsusən bu gün dədə-baba yurdlarından didərgin salınmış bir milyon insan üçün nə dərəcədə ciddi bir problem olduğunu başa düşürük. Bax, məsələyə bu prizmadan yanaşsaq, Azərbaycanın bugünkü vəziyyəti, onun qazandığı nailiyyətlər bir daha təsdiq edir ki, ölkə malik olduğu potensialdan, ehtiyatlardan istifadə edərək son dərəcə çətin bir vəziyyətdə belə bir inkişafı, belə bir inkişaf dinamikasını təmin etmək iqtidarında olmuşdur.

Özü də bütün bunlar ölkədə 1 milyon qaçqının olduğu şəraitdə baş verir. Azərbaycanın özü və başqaları üçün qarşıya qoyduğu hədəfləri yaxınlaşdırmaq, Qarabağ problemini həll etmək üçün bu problemlə hər gün məşğul olmaq lazımdır. Mən Azərbaycan Prezidentinin bu bəyanatını tamamilə dəstəkləyirəm ki, Qarabağ problemi həll edilməlidir və həll ediləcəkdir. Bu baxımdan əminəm ki, bu məsələ həm Azərbaycanın, həm də bütün regionun maraqlarına, ola bilsin ki, regionun hüdudlarından kənarda da ümumi maraqlara cavab verir. Ona görə ki, bu məsələnin həlli təkcə Azərbaycana yox, oxşar problemlərin mövcud olduğu bir sıra başqa ölkələrə də aiddir. Hesab edirəm ki, belə bir vəziyyətdə ölkədə bu cür, mən deyərdim ki, köklü dəyişikliklərə nail olmaq qəhrəmanlıqdır. Burada heç bir mübaliğə yoxdur. Bu, əsl qəhrəmanlıqdır, bu qəhrəmanlığı Azərbaycan xalqı göstərir. Mən Azərbaycan xalqını bu gün təkcə iqtisadiyyatın inkişafında, sosial sahənin inkişafında nümayiş etdirdiyi nailiyyətlər münasibətilə deyil, həm də onun beynəlxalq aləmdə qəbul edilməsinə görə təbrik edirəm. Bir sıra dövlətlərin çox böyük müqavimətinə baxmayaraq, Azərbaycanın 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi çox böyük müvəffəqiyyətdir və bu, həm iqtisadi həyatda, həm də sosial həyatda məsələnin qoyuluşunun, bugünkü mürəkkəb şəraitdə Azərbaycanın, onun liderinin həyata keçirdiyi siyasətin düzgün olmasını, bu gün dünya siyasətinin həyata keçirilməsində Azərbaycanın oynadığı rolun beynəlxalq aləmdə tanınmasını bir daha təsdiq edir. Mən dünya siyasətinin həyata keçirilməsi sözündən qorxmuram. Mənim fikrimcə, bu bir daha təsdiq edir ki, biz məhdud tərkibdə və bizim nümayəndə heyətlərinin iştirakı ilə danışıqlarda vahid fikrə gəlmişik.

Biz vahid fikrə gəldik və bizim arzumuzu, istəyimizi belə ifadə etmək olar: biz regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi, dövlətlərimizin davamlı sosial-iqtisadi inkişafı, regionlarımızda sülhün və sabitliyin təmin edilməsi naminə maksimum əlverişli şərait yaradılması üçün bundan sonra da qarşılıqlı əlaqələri möhkəmləndirəcəyik, səylərimizi əlaqələndirəcəyik. Vurğulamaq istəyirəm ki, biz aparıcı beynəlxalq təşkilatlarda Azərbaycan ilə qarşılıqlı fəaliyyətin, qarşılıqlı dəstəyin səviyyəsini yüksək qiymətləndiririk. Burada çox nümunələr göstərmək olar, mən onların barəsində danışmayacağam.

Danışıqların nəticələrinə əsasən qəbul edilmiş Birgə Bəyanatda iqtisadi kooperasiyanın genişlənməsi zərurətinə, bu gün hər iki dövlətin malik olduğu böyük ehtiyatlardan istifadə edilməsinə xüsusi diqqət yetirilmişdir. Bu gün 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq proqramının yerinə yetirilməsi tədbirləri haqqında müqavilə imzalanmışdır. Bu, haqqında bəhs etdiyimiz məsələlərin qoyuluşunun real olduğunu təsdiqləyən faktlardan biridir. Biz razılaşdıq ki, lap yaxın vaxtlarda səmərəli iclası keçirilmiş hökumətlərarası komissiyanın fəal işi bu məsələdə əlaqələndirici mexanizm olmalıdır.

Son illərdə Bakıda və Daşkənddə milli sərgilər keçirilməsini qeyd etmək istərdim. Bu sərgilər xüsusən bizim iqtisadiyyatların bir-birini qarşılıqlı tamamladığı sahələrdə əməkdaşlığın genişlənməsinə Özbəkistanın və Azərbaycanın işgüzar dairələrinin, çox böyük marağını göstərdi. Biz ölkələrimizin çox zəngin nəqliyyat-kommunikasiya-tranzit potensialından daha səmərəli, qarşılıqlı faydalı istifadə edilməsi üçün ikitərəfli və çoxtərəfli formatda işi davam etdirmək barədə razılığa gəldik. Biz ölkələrimiz arasında lazımi əməkdaşlığın mühüm istiqaməti və onun möhkəmləndirilməsi mənbəyi kimi mədəni-humanitar sahədə əməkdaşlığa çox böyük əhəmiyyət veririk.

Mən Azərbaycan Prezidenti İlham Əliyevi onun üçün münasib vaxtda, öz imkanlarını və iş qrafikini nəzərə almaqla Özbəkistana rəsmi səfərə dəvət etməyimizi sizin iştirakınızla bir daha təsdiqləmək istəyirəm. Ümid edirəm ki, bu, xüsusi səfər olacaqdır, çünki İlham Heydər oğlunun Daşkəndə gəlişindən artıq 2 il keçmişdir. Yadımdadır, o vaxt biz ümumi sərvətlərimizə abidənin açılışını etmişdik. Fürsətdən istifadə edib, bir daha demək istəyirəm ki, biz burada, Bakıda Əlişir Nəvaiyə və Daşkənddə Nizami Gəncəviyə ucaldılmış abidələrə görə ilk növbədə, Azərbaycan Prezidentinə, Azərbaycan ziyalılarına həmişə minnətdarıq. Mən onu nəzərdə tuturam ki, Bakıdakı küçələrdən birinə bizim böyük alim Mirzə Uluqbəyin adı verilmişdir. Bunu minnətdarlıqla qeyd edirik. Uluqbəy də Səmərqəndin fəxri idi. Daşkəndin küçələrindən birinə Azərbaycanın böyük oğlunun adı verilmişdir. Mən bu insanı yaxından tanıyırdım və hələ də ona heyranam. Mən onun müdrikliyinə, dözümlülüyünə və ən başlıcası, uzaqgörənliyinə heyranam. Əsasını bu insanın qoyduğu siyasəti onun oğlu həyata keçirir. Azərbaycanda varislik siyasətinin həyata keçirilməsi çox vacibdir. Bizim dövlətlər arasında bugünkü, müasir münasibətlərin təməlini Heydər Əliyev qoymuşdur və mən İlham Heydər oğluna təşəkkür edirəm ki, o, atasından bu cür tərbiyə, bu cür nəsihətlər alaraq Özbəkistanla Azərbaycan arasında, bizim xalqlarımız arasında münasibətlərin daha da möhkəmlənməsi kimi çox nəcib işi davam etdirir.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb