İQTİSADİYYAT
Azərbaycan və Pakistan arasında tərəfdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan ilə Pakistan arasında tərəfdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Azərbaycan-Pakistan biznes konfransında deyib.
Nazir müavini Pakistanla sıx dostluq və qardaşlıq münasibətlərini, tərəflər arasında əlaqələrin davamlı olaraq inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında tərəfdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran S.Məmmədov işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov təmsil etdiyi qurumun biznes fəaliyyəti qurmaq istəyən xarici iş adamlarına yerli tərəfdaşların tapılması, KOB-larla birgə layihələrin həyata keçirilməsi və digər istiqamətlərdə göstərə biləcəyi dəstək tədbirləri barədə danışıb.
Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd Şakil Munir ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığı, Pakistan iş adamlarının Azərbaycanda uğurlu layihələr reallaşdırdığını qeyd edib, iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüblər.
Biznes konfransa hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, tekstil, informasiya texnologiyaları, səhiyyə, qida, turizm və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri qatılıb.
Tədbir iki ölkənin iş adamları arasında görüşlərlə davam edib.