AZƏRBAYCAN VƏ POLŞA DAXİLİ İŞLƏR NAZİRLİKLƏRİ ARASINDA SAZİŞ İMZALANMIŞDIR
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizin daxili işlər naziri, general-polkovnik Ramil Usubov Polşa Respublikası Baş nazirinin müavini, daxili işlər və administrasiya naziri Q.Sxetinanın dəvəti ilə iyunun 3-dən 5-dək Varşavada səfərdə olmuşdur.
İyunun 5-də Polşa Prezidenti Lex Kaçinski daxili işlər naziri R.Usubovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Polşa dövlətinin başçısına çatdıran nazir R.Usubov, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirmişdir.
Prezident Lex Kaçinski regionun lider dövləti olan Azərbaycan ilə əməkdaşlığa mühüm önəm verdiklərini, bir sıra vacib məsələlər ətrafında Azərbaycan Prezidenti İlham Əliyev ilə müntəzəm fikir mübadilələri apardıqlarını, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və Azərbaycanın Avropa strukturlarına inteqrasiyası baxımından Polşanın bundan sonra da mümkün olan hər şeyi edəcəyini diqqətə çatdırmışdır.
Səfərin ilk günü nazir R.Usubov Polşa polisinin fəaliyyəti ilə tanış olmuşdur. Polşa daxili işlər nazirinin müavini A.Rapasski, Varşava Şəhər Polis İdarəsinin rəisi A.Mateyuk, əsas xidmət strukturlarının rəhbərləri iş təcrübələri, mütəşəkkil cinayətkarlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, ictimai asayişin təmin olunması, nanotexnologiyaların tətbiqi, istintaq-əməliyyat tədbirləri və digər sahələrdə həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat vermişlər.
Nazir R.Usubov müstəqillik illərində Azərbaycan polisinin keçdiyi yol haqqında danışmış və Avropa strukturlarına inteqrasiya baxımından Polşa daxili işlər orqanlarının iş təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd etmişdir.
Həmin gün general-polkovnik R.Usubov Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri, nazir V.Stasiak ilə görüşmüşdür.
Görüşdə beynəlxalq terrorçuluğa, silah və insan qaçaqmalçılığına qarşı mübarizə, beynəlxalq miqyaslı cinayətlərin açılmasına yardım edən informasiya mübadiləsi ətrafında müzakirələr aparılmış, regional təhlükə və risklərə qarşı mübarizədə Azərbaycan və Polşanın öz səylərini daha sıx birləşdirmələrinin zəruriliyi xüsusi vurğulanmışdır.
İyunun 4-də nazir R.Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Varşava yaxınlığındakı Legionovo Polis Təlim Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur. Mərkəzin rəhbəri A.Rosol təlim müəssisənin iş prinsipləri haqqında azərbaycanlı qonaqlara ətraflı məlumat vermiş, burada tətbiq olunan yeni texnologiya və avadanlığı nümayiş etdirmişdir. Gələcəkdə Azərbaycan polisinin bu təlim mərkəzi ilə daha yaxın əlaqə yaratması barədə ümumi razılıq əldə olunmuşdur.
Polşa Respublikasının daxili işlər və administrasiya naziri Q.Sxetina ilə general-polkovnik R.Usubovun görüşündə ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq yolları haqqında ətraflı fikir mübadiləsi aparılmışdır. Son illər sürətlə inkişaf edən Azərbaycan-Polşa əməkdaşlığının dövlətlərarası münasibətlərin bu mühüm sahəsinə də müsbət təsirini göstərdiyi məmnunluq hissi ilə qeyd olunmuşdur.
Nazir R.Usubov polşalı həmkarını Azərbaycana səfərə dəvət etmişdir.
Görüşün sonunda daxili işlər nazirləri “Beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq” haqqında hökumətlərarası saziş imzalamışlar.
Polşaya səfərinin sonuncu günü nazir R.Usubov Hökuməti Mühafizə Bürosunun rəhbəri, briqada generalı M.Yanitskinin dəvəti ilə bu qurumda olmuş, onun fəaliyyəti, iş prinsipləri, texniki təminatı və s. barəsində hərtərəfli məlumat almışdır.
Səfər çərçivəsində Azərbaycanın daxili işlər naziri dahi polyak bəstəkarı Şopenin Varşava ətrafındakı ev-muzeyi və Varşava üsyanı muzeyi ilə tanış olmuşdur.