Azərbaycan və Qırğızıstan Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bişkek, 16 mart, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin daxili işlər naziri Melis Turqanbayevlə görüşüb.
H.Orucov deyib ki, son vaxtlar ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Son iki il ərzində həm Bişkekdə, həm də Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızıstanda, Qırğızıstan həqiqətlərinin Azərbaycanda yayılması üçün çoxlu işlər görülüb.
Səfir Azərbaycan və Qırğızıstan Daxili İşlər nazirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlığın olduğunu bildirib. Qeyd edilib ki, xüsusilə terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər bu kimi neqativ hallara qarşı birgə fəaliyyətin əlaqələndirilməsi və həyata keçirilməsi istiqamətində əməkdaşlıq hər iki ölkə üçün faydalıdır. H.Orucov əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Azərbaycan və Qırğızıstan daxili işlər nazirlərinin qarşılıqlı səfərlərinin təşkilinin önəmini qeyd edib.
Melis Turqanbayev Azərbaycanla Qırğızıstan arasında hüquq mühafizə sahəsində və digər sahələrdə əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu söyləyib. Nazir bildirib ki, terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi yalnız Qırğızıstan üçün deyil, bütün dövlətlər üçün qlobal bir problemdir və bu problemin həll olunması istiqamətində müxtəlif ölkələrin birgə fəaliyyətinin əlaqələndirilməsi vacibdir.
Nazir qardaş Azərbaycan və Qırğızıstan arasında bundan sonra da bütün sahələrdə əlaqələrin genişləndirilməsinə ümidvar olduğunu bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek