Azərbaycan və Tacikistan milli kitabxanaları arasında anlaşma memorandumu imzalanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Tacikistanın paytaxtı Düşənbədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin milli kitabxanaları direktorlarının dördüncü iclası keçirilib.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, iclasda təşkilatın veb-saytının ilkin olaraq ingilis və rus dillərində fəaliyyət göstərməsi, hər təşkilat üzrə əlaqələndirici şəxsin təyin olunması, saytda üzv ölkələr haqqında məlumatın verilməsi, informasiyaların ötürülməsi və digər məsələlərin həlli müzakirə olunub. Tədbirdə, həmçinin növbəti toplantı vaxtının və yerinin təyin olunması məsələlərinə baxılıb.
Daha sonra Azərbaycan Milli Kitabxanası ilə Tacikistan Milli Kitabxanası arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb. Azərbaycan, tacik və rus dilində imzalanan memorandumda kitab mübadiləsinin inkişaf etdirilməsi, mədəni irsin qorunması və mühafizəsi, tədqiqi, qarşılıqlı sərgilərin təşkili, birgə layihələrin işlənməsi, habelə beynəlxalq kitab sərgilərində və elmi konfranslarda iştirak, təcrübə mübadiləsi, elektron resurslardan qarşılıqlı istifadə və digər məsələlər əks olunur.