Azərbaycan və Türkiyə arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələri genişlənir
Bakı, 16 may, AZƏRTAC
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda (İTİDF) Türkiyənin Kiçik və Orta Müəssisələri İnkişaf etdirmə və Dəstəkləmə İdarəsinin (KOSGEB) nümayəndə heyəti ilə görüş olub.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə İTİDF-nin icraçı direktoru Elçin Zeynalov Azərbaycanda informasiya texnologiyaları sahəsində həyata keçirilən dövlət siyasətini, əldə olunmuş nailiyyətlər, Fondun fəaliyyəti və məqsədləri barəsində geniş məlumat verib.
KOSGEB-in informasiya texnologiyaları sahəsində kiçik və orta sahibkarlığa dəstək üzrə böyük təcrübəyə malik olduğunu bildirən E.Zeynalov bu sahədə iki qurum arasında əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini qeyd edib.
KOSGEB-in sədr müavini Süleyman İslamoğlu isə Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə, xüsusən də informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrinin, həyata keçirilən layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə həmçinin KOSGEB ilə Fond arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.