“AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ - ŞƏRQDƏ İLK DEMOKRATİK DÖVLƏT” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 23-də Milli QHT Forumu Gəncliyə Yardım Fondunda “Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik dövlət” mövzusunda elmi-nəzəri konfrans keçirmişdir.
Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 90 illik yubileyinə həsr olunmuş konfransda çıxış edən Milli QHT Forumunun diaspor mətkəzinin sədri Rauf Zeyni cəmi 23 ay yaşamış ADR-in şərəfli tarixindən danışmışdır.
Natiq 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın yaradıldığını qeyd etmiş, bu dövlətin Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli ordunun yaradılması sahəsində gördüyü işləri yüksək qiymətləndirmişdir.
Tədbirdə professor Şikar Qasımov “Azərbaycan Xalq Cümhuriyyəti və ictimai təsisatlar” mövzusunda məruzə ilə çıxış edərək ADR-in yaranma tarixindən, onun süquta uğramasının səbəblərindən danışmışdır.
Bildirilmişdir ki, Zaqafqaziya Seymi buraxıldıqdan sonra onun Azərbaycan fraksiyası 1918-ci il mayın 27-də Müvəqqəti Milli Şura yaratmışdı. Milli Şura mayın 28-də Tiflisdə Azərbaycanın dövlət müstəqilliyini elan edən “İstiqlal Bəyannaməsi”ni qəbul etmişdi. Bəyannamə, tariximizə Azərbaycanın dövlət müstəqilliyini elan edən sənəd və Azərbaycan Demokratik Respublikasının bütün fəaliyyətinin hüquqi əsaslarını özündə təsbit edən Konstitusiya aktı kimi daxil olmuşdur.
ADR-in qısa zaman ərzində təhsilin, mədəniyyətin inkişafı, ordu quruculuğu, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almaları və digər istiqamətlərdə gördüyü böyük işlərə toxunan alim, bu dövrun siyasi-ictimai həyatını da geniş təhlil etmişdir.
Sonda məruzə ətrafında çıxışlar dinlənilmişdir.