“AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ MİLLİ JURNALİSTİKA: TARİX, ƏNƏNƏ, MÜASİRLİK” MÖVZUSUNDA KONFRANS
AZƏRTAC xəbər verir ki, mayın 23-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümünə həsr olunmuş “ Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli jurnalistika: tarix, ənənə, müasirlik” mövzusunda elmi konfrans keçirilmişdir.
Universitetin jurnalistika fakültəsinin təşkil etdiyi tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov iştirakçıları əlamətdar gün münasibətilə təbrik etmiş, elmi konfransın işinə uğurlar arzulamışdır. Natiq Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolundan danışaraq vurğulamışdır ki, Demokratik Respublikanın ən böyük uğurlarından biri Bakıda universitetin yaradılması olmuşdur. Bu gün fəxrlə deyə bilərik ki, təhsil ocağımız ilk müstəqil dövlətimizin yadigarıdır və biz onun bütün ənənələrini layiqincə davam etdiririk.
Natiq Azərbaycan Xalq Cümhuriyyətinin milli mətbuatımızın inkişafı, ana dilimizdə milli məktəblərimizin açılmasındakı rolundan bəhs etmişdir. Bildirilmişdir ki, o dövrdə dövlət rəmzləri, ordu, parlament yaradılmışdır.
Qeyd olunmuşdur ki, cəmi 23 ay yaşamasına baxmayaraq xalqımız müstəqilliyin dadını duymuş, Şərqdə bir demokratik dövlət kimi öz varlığını sübut etmişdir.
Rektor müstəqilliyimizin bərpasında, yeni dövlətimizin qurulmasında və qorunmasında xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırmışdır.
Sonra professor Şirməmməd Hüseynovun “Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuatı”, professor Şamil Vəliyevin “ Milli mətbuatımıza dair ilk qanun: Mətbuat Nizamnaməsi”, dosent Cahangir Məmmədlinin “Müstəqil qəzet modelinə klassik və müasir baxış”, professor Alxan Məmmədovun “Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuatı və ədəbi proses” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələrdə bildirilmişdir ki, Azərbaycan mətbuatı tarixində 1918- 1920-ci illər bütün əvvəlki dövrlərə nisbətən, ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan həyatının canlı salnaməsinə çevrilmişdir. İki il ərzində ölkədə 129 adda qəzet və jurnal çıxmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə “İstiqlal”, “ Azərbaycan” və s. mətbuat orqanları nəşr olunmuşdur. Azərbaycan hökuməti və parlamenti mətbuatın və nəşriyyatların işini dövrün tələbləri səviyyəsində qurmaq üçün bir sıra qərarlar qəbul etmişdir.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.
######
