Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Ukraynada beynəlxalq festivalla qeyd ediləcək
Kiyev, 1 may, AZƏRTAC
Ukraynanın İvano-Frankovsk şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı beynəlxalq festival keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Ukraynadakı səfirliyimizin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq festival çərçivəsində mayın 3-də Azərbaycan rəssamlarının iştirakı ilə “Azərbaycan” adlı rəsm sərgisi açılacaq. Mayın 5-də Azərbaycanın mədəniyyət işçilərinin iştirakı ilə caz festivalı olacaq, eyni zamanda, Azərbaycana dair film nümayiş ediləcək. Festival çərçivəsində, həmçinin Azərbaycanın milli mətbəxini nümayiş etdirən yarmarka təşkil olunacaq. Mayın 6-da isə, festivalın bağlanış günü qala konsert keçiriləcək.
Ukraynanın Xarkov, Dnepr, Odessa və digər şəhərlərində də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təqdimatlar, konfranslar keçiriləcək. Mayın 18-də isə Azərbaycanın Ukraynadakı səfirliyində rəsmi qəbul təşkil olunacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev