“Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi” – konfrans
Bakı, 10 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi” mövzusunda respublika elmi konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov müstəqil dövlətimizin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar haqqında ətraflı məlumat verib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev bütün həyatını, fəaliyyətini Azərbaycanın inkişafına, xalqımızın xoşbəxtliyinə həsr edib.
Konfransın plenar iclasında Milli Məclisin komitə sədri Sadiq Qurbanov “Heydər Əliyev: zamandan uca insan” mövzusunda məruzə ilə çıxış edib. Həmçinin BDU-nun Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarovanın məruzəsi, Qafqaz tarixi kafedrasının professoru Qabil Əliyevin, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Azad Rzayevin, dosent Ələmdar Şahverdiyevin çıxışları dinlənilib. Çıxış edənlər Ulu Öndərin misilsiz tarixi xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən danışıblar.
Sonra bölmə iclasları olub. Bölmə iclaslarında Bakı Dövlət Universiteti, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci əməkdaşlarının, BDU-nun “SABAH” qrupları tələbələrinin məruzələri dinlənilib.