İDMAN
Azərbaycanda badmintonun yaranmasının 60 illik yubileyi münasibətilə jurnalistlər arasında yazı müsabiqəsinə start verilir
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi Azərbaycan Badminton Federasiyası (ABF) ilə birlikdə jurnalistlər arasında yazı müsabiqəsinə start verir.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə Azərbaycanda badmintonunun tarixi, uşaqların sağlam inkişafında badmintonun rolu, Avropa Badminton Konfederasiyasının 2023-cü ildə Bakıda keçiriləcək Konqresinin əhəmiyyəti, həvəskar badmintonun inkişaf perspektivləri, kütləvilik, regionlarda bu idman növünün hazırkı vəziyyəti, idmanda gender bərabərliyi, fiziki məhdudiyyətli şəxslərin badminton vasitəsilə cəmiyyətə inteqrasiyası mövzusunda yazılar qəbul olunacaq.
Azərbaycanda badmintonun yaranmasının 60 illik yubileyi münasibətilə elan olunan müsabiqəyə azərbaycanca nəşr olunan və rusdilli yazılı media subyektlərində çalışan jurnalistlər qatıla bilərlər. Jurnalistlər çalışdıqları KİV-də yazılarını dərc etdirməli, daha sonra həmin materialın linkini, özlərini və çalışdıqları media orqanını təqdim etməklə, noyabrın 10-u saat 23:59-dək [email protected] elektron ünvanına göndərməlidirlər.