Azərbaycanda dağınıq skleroz xəstələri dərman preparatları ilə pulsuz təmin olunurlar
Bakı, 3 yanvar (AZƏRTAC). Azərbaycanda “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması bu xəstəliyə tutulanların dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək faydalı preparatlarla təminatının yaxşılaşdırılmasına şərait yaratmışdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dağınıq skleroz xəstələrinin elektron registri yaradılmışdır. Eyni zamanda, Səhiyyə Nazirliyinin Nevroloji Mərkəzində bu xəstələrin müayinəsi təşkil edilmiş və bu ildən etibarən onların ilk dəfə yüksək keyfiyyətli dərman preparatları ilə pulsuz təmin olunmasına başlanılmışdır.
Bundan əlavə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycanda qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair Strategiya” layihələri hazırlanmışdır.
Uşaqların sağlamlığının qorunması işinin dövlət siyasətinin ən prioritet istiqamətlərdən olduğunu bir daha sübut edən “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu və dövlət proqramı qəbul edilmişdir.
Səhiyyənin digər vacib sahələrindən olan onkoloji xəstəliklərə qarşı mübarizəyə dair 2014-2024-cü illəri əhatə edən Dövlət Proqramının layihəsi hazırlanaq hökumətə təqdim edilmişdir.