Azərbaycanda demoqrafik proqnozların hazırlanması üçün təkmil proqnozlaşdırma metodologiyası hazırlanır
Bakı, 3 aprel, AZƏRTAC
Hazırda Azərbaycanda demoqrafik proqnozların hazırlanması üçün mütərəqqi dünya təcrübəsi əsasında təkmil proqnozlaşdırma metodologiyasının hazırlanması işləri aparılır. Bu sahədə BMT-nin Əhali Fondu ilə əməkdaşlıq daha geniş müstəvidə davam etdiriləcək.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə BMT Əhali Fondunun Türkiyə üzrə nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Karl Kulessa ilə keçirilən görüşdə deyib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, Prezident İlham Əliyevin başçılığı ilə ölkədə aparılan sosial-iqtisadi siyasətinin uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik vəziyyətin, o cümlədən əhalinin sabit artım tempinin mövcud olduğunu bildirib.
S.Babayev ölkəmizdə əhali sakinliyi və demoqrafik inkişaf sahəsində hazırlanmış yeni Dövlət Proqramı layihəsi barədə məlumat verib. Nazir layihənin hazırlanmasında BMT Əhali Fondunun dəstəyini qeyd edib. O, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması, Karlov Universitetinin ekspertlərinin iştirakı ilə ölkəmizdə demoqrafik proqnozlaşdırma metodologiyasının hazırlanması məqsədilə birgə fəaliyyətin əhəmiyyətli olduğunu deyib.
Nazir bildirib ki, bu ilin fevralında imzalanmış yeni layihələr, nazirliklə BMT Əhali Fondu və BMT İnkişaf Proqramının “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” və nazirliklə BMT Əhali Fondunun “Cəmiyyətin bütün yaşlar üçün qurulması: fəal yaşlaşma yolu ilə Azərbaycanda ahılların rifahının təşviq edilməsi” layihələri əməkdaşlıq müstəvisini daha da genişləndirib.
K.Kulessa ötən dövrdə BMT Əhali Fondu ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq əlaqələrinin formalaşdığını qeyd edib. O, birgə layihələrin miqyasının yeni vacib hədəflərə doğru daim genişlənməsinin təqdirəlayiq olduğunu vurğulayıb.