Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu Ulu Öndərin adı ilə bağlıdır
Culfa, 4 may, AZƏRTAC
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Culfa Rayon Təşkilatının ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Yolumuz Heydər Əliyev yoludur” mövzusunda keçirdiyi elmi-praktik konfransda səsləndirilib.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov mövzu ilə bağlı məruzəsində qeyd edib ki, Ümummilli Liderin ömrünün siyasət və hakimiyyət zirvəsində keçmiş bir qərinəni aşan hər ilinin arxasında xalqın işıqlı və xoşbəxt gələcəyi naminə uzaqgörənliklə görülmüş işlər sonsuz nur kimi parlayır.
“Bu gün Ulu Öndərimizin zəngin ictimai-siyasi fəaliyyəti, irsi hərtərəfli öyrənilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”, - deyən Qadir İbrahimov vurğulayıb.
Bildirilib ki, Azərbaycan bu gün iqtisadi potensialı baxımından regionun lider ölkəsidir. Respublikamız beynəlxalq aləmdə sabit, nüfuzlu bir dövlət kimi öz xüsusi yerini tutub.
Təşkilatın sədri bildirib ki, Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyev ideyaları uğurla həyata keçirilir. Muxtar respublika iqtisadiyyatının yüksələn xətlə inkişafı hər kəsdə qürur hissi yaradır və bütün bu nailiyyətlər Ulu Öndərimizin inkişaf strategiyasının təntənəsi kimi qiymətləndirilir.
Tədbirdə Bənəniyar kənd musiqi məktəbinin direktoru Azər Cəfərov, Culfa şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Gülsadə Əliyeva, Saltaq kənd ərazi ilk partiya təşkilatının sədri Mahir Əsgərov, Dizə kənd tam orta məktəbinin müəllimi Nənəxanım Əliyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, görkəmli dövlət xadiminin arzuladığı kimi, Azərbaycan bu gün dünyaya Günəş kimi doğmaqdadır. Bu Günəşin nüvəsi, əbədi enerji mənbəyi isə dahi şəxsiyyətin həmişəyaşar ideyalarıdır. Ümummilli Liderin parlaq dühası, uzaq gələcəyə hədəflənmiş müdrik siyasəti bundan sonra da müstəqil Azərbaycanımızın bu gününə və gələcəyinə nur saçacaqdır.
Sonra şagirdlər Ulu Öndərə həsr edilmiş şeirləri səsləndiriblər.
Sonda YAP-a qəbul edilən bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.