Azərbaycanda nadir heyvan növlərinin öz areallarına qayıtması artıq daimi xarakter daşıyır
Bakı, 24 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dünya Təbiəti Mühafizə Fondu ilə birlikdə yay aylarında Hirkan və Həsən Əliyev adına Zəngəzur Milli parklarının ərazisində apardıqları monitorinqlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqlərin nəticələrinə görə, bəbirlərin, onların rəqib növlərinin və qida obyektlərinin populyasiyalarının mühafizə olunan ərazilərdə artıq daimi surətdə inkişafı qeydə alınmışdır.
Hirkan Milli Parkı ərazisində bir yetkin erkək bəbirin daim fotokameraların hədəfində olması müşahidə edilmiş, onun əsas qidasını təşkil edən çöl donuzları, cüyür, tirəndaz və s. növlərin dinamik populyasiya quruluşlarına aid yeni materiallar toplanmışdır. Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində də yay aylarında iki yetkin dişi bəbir qeydə alınmış, bu ərazidə bəbirlərin qida mənbəyi sayılan bezoar keçiləri və muflonların yerli populyasiyalarının dinamik inkişafı barədə qiymətli fotoqrafik məlumatlar əldə olunmuşdur.
Mütəmadi olaraq aparılan monitorinqlərin nəticələri Azərbaycanda nadir heyvan növlərinin öz areallarına qayıtması prosesinin heç də təsadüfi xarakter daşımadığını göstərir. Bu isə ölkəmizdə son 10 ildə xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə tədbirlərinin kompleks şəkildə gücləndirilməsinin bilavasitə nəticəsidir.