Azərbaycanda nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir növlərin təbii artımı müşahidə olunur
Bakı, 8 sentyabr (AZƏRTAC). Son 10 ildə Azərbaycanın meşə fonduna daxil olmayan ərazilərində 20 milyondan artıq müxtəlif növ ağac və kol cinsləri əkilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması” və “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamlarının icrası ilə əlaqədar Bakıda və Abşeron yarımadasında təkcə son beş il ərzində 8 yaşıllaşdırma layihəsi həyata keçirilmişdir. Nəticədə 1556 hektarda yaşıllaşdırma işləri aparılmış, ümumilikdə, 2 min 172 hektarda müasir damcılı suvarma sistemləri qurulmuş, Abşeronun sərt və quru iqliminə dözə bilən yerli və xaricdən alınmış 1 milyon 865 min 523 müxtəlif cinsli ağac və kol əkilmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində demişdir.
Növlərin tarixi yaşayış məskənlərinə reintroduksiyasına xüsusi diqqət yetirildiyini qeyd edən nazir bildirmişdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 115 baş ceyran tarixi arealları hesab olunan Qobustan, Acınohur, Ağgöl ərazilərinə köçürülmüşdür. Həmin ceyran sürüsünün hərəkətinə peyk vasitəsilə mütəmadi nəzarət olunur, onların hərəkət istiqamətlərindən asılı olaraq su və yemlə əlavə təminatı həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində ceyranların təbii artımı müşahidə olunur.