AZƏRBAYCANDA OMBUDSMANIN FƏALİYYƏTİNƏ DAİR İLK SEMİNAR
“Azərbaycanda ombudsman təsisatının yaranması və demokratiyanın inkişafında onun rolu” mövzusunda sentyabrın 16-da Milli Məclisdə işinə başlayan seminarda ombudsman təsisatının əhəmiyyəti, bu sahədə habelə beynəlxalq praktikanın tətbiqi məsələləri müzakirə olunmuşdur.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə seminarı giriş sözü ilə açaraq dedi ki, beynəlxalq təşkilatların və xarici ölkələrin nümayəndələrinin iştirakı ilə ilk belə tədbirin keçirilməsinin Azərbaycanda demokratiyanın inkişafında böyük əhəmiyyəti var. O, seminarda iştirak edən Avropa Şurasının insan hüquqları komissarı Alvaro Hil-Roblesi də salamladı.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Prezidentin imzaladığı və Milli Məclisdə qəbul edilmiş Konstitusiya Qanununa uyğun olaraq, ombudsman təsisatı yaradılması barədə qısaca məlumat verdi. O bildirdi ki, qısa müddət ərzində bu təşkilatın strukturları və büdcəsi formalaşdırılmışdır.
Sonra Avropa Şurasının insan hüquqları komissarı Alvaro Hil-Robles çıxış edərək, AŞ insan hüquqları komissarının fəaliyyətinin məqsədlərindən danışdı. O, dünyanın müxtəlif ölkələrində ombudsman təsisatlarının fəaliyytinə də toxunaraq, ombudsmanla vətəndaşlar və kütləvi informasiya vasitələrınin nümayəndələri arasında sıx əlaqə yaradılmasının vacibliyini vurğuladı.
Bundan sonra seminarın ilk iclası başlandı. Yunanıstan Ombudsman ofisinin elmi əməkdaşı xanım Emilia Liaska və Sankt-Peterburqdakı “Strategiya” Mərkəzinin prezidenti Aleksandr Sunqurov iclasda çıxış etdilər. Hər iki natiq Avropa Şurası ölkələrində otbubsman təsisatının fəaliyyəti və rolu üzərində dayandı.
İkinci iclasda Azərbaycanda ilk milli ombudsmanın fəaliyyətinin əsas istiqamətləri müzakirə olundu. Bu mövzuda məruzə ilə Portuqaliya Hüquqşünaslar Assosiasiyasının sabiq prezidenti xanım Mariya Serra Lopes çıxış etdi. O dedi ki, ombudsman təsisatı qeyri-məhkəmə qurumudur və əsasən insan hüquqları məsələləri sahəsində maarifləndirmə və məlumatlandırma işlərinin təşviqi və beynəlxalq konvensiyalarda, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş bu hüquqlara hörmət bəslənilməsi məsələləri ilə məşğul olur.
Qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquq müdafiəçiləri çıxışlarında müxtəlif qurumların ombudsman təsisatı ilə qarşılıqlı fəaliyyətindən danışdılar.
Sentyabrın 17-də seminar işini davam etdirəcəkdir.
Avropa Şurasının insan hüquqları komissarı Alvaro Hil-Robles Bakı Dövlət Universitetində “İnsan hüquqlarının təmin olunmasının zəruriliyi” mövzusunda məruzə edəcək, habelə ictimaiyyətin nümayəndələri ilə görüşlər də keçirəcəkdir.