Azərbaycanda qazanılan sosial-iqtisadi nailiyyətlər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, alayın komandiri, polis general-mayoru Zaur Abdullayev tədbirdə çıxış edərək bildirib ki, bütün mənalı ömrünü Vətənin tərəqqisinə həsr edən Ulu Öndərimiz hələ sovet hakimiyyəti dövründən başlayaraq, böyük uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlayıb, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaradıb. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz bu dahi şəxsiyyətin müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoyub, müstəqilliyimiz dönməz xarakter alıb. Müstəqilliyin ilk illərində parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətimizin xilas edilərək gücləndirilməsi, ordu quruculuğu, ictimai-siyasi vəziyyətin sabitləşməsi, qazanılan sosial-iqtisadi nailiyyətlər hər bir vətəndaş üçün böyük örnək olan Ulu Öndərimizin adı ilə bağlıdır.
Bakı Dövlət Universitetinin tarix fakültəsinin professoru Nuru Məmmədov çıxış edərək Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndərin Azərbaycan tarixində xüsusi yeri var. Müasir azərbaycançılıq məfkurəsinin banisi olan ulu öndər Heydər Əliyev müdrik siyasəti, sarsılmaz əqidəsi, siyasi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynayıb.
Vurğulanıb ki, Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız üçü - Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi. Sovet İttifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlillərdə “Hansı müttəfiq respublika sovetlər ittifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir?” sualına cavab axtarılarkən onların sırasında Azərbaycanın adı birinci yerdə çəkilmişdi. Dahi şəxsiyyət 1982-ci ildə Sovet İttifaqında ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan inkişaf etmiş sənaye və kənd təsərrüfatı respublikası kimi tanınırdı. Həmin illərdə çoxlu sayda sənaye müəssisələri yaradılıb, Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti artıb, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu. İyirmi beş il əvvəl - 1993-cü ilin iyununda Azərbaycan xalqı xilaskarı Heydər Əliyevi özünün rəhbəri seçdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində əbədi rəhbər qətiyyəti, müdrikliyi və qüdrəti ilə dövlətimizi ağır faciələrdən xilas etdi.
Sonrakı mərhələdə Ulu Öndərin rəhbərliyi ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda uğurlu addımlar atıldı, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan islahatlar həyata keçirildi, insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüş təmin edildi. Nəticədə isə ulu öndər Heydər Əliyev bütün bəşəri dəyərlərə sahib olan, onun ən ali ənənələrini yaşadan və modern yeniliklərə qovuşduran, yeni dünya düzənində öz layiqli yerini tutan qüdrətli bir dövlət yaratdı.