AZƏRBAYCANDA SƏHİYYƏNİN MÜASİR TƏLƏBLƏR SƏVİYYƏSİNƏ QALDIRILMASI ÜÇÜN MÜVAFİQ ADDIMLAR ATILIR
AZƏRTAC xəbər verir ki, bu fikir səhiyyə naziri Oqtay Şirəliyevin iyunun 13-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında səslənmişdir.
Nazir qeyd etmişdir ki, Nazirlər Kabinetinin 2006-cı ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş iclasında dövlət başçısının ölkədə səhiyyənin inkişafı ilə bağlı xüsusi tapşırıqlarından sonra bu sahədə ciddi addımlar atılmağa başlanmış, sahənin maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət büdcəsindən ayırmaların həcmi xeyli artmışdır. Son illər iqtisadi sahədə qazanılmış uğurların ölkədə səhiyyənin inkişafına mühüm təsir göstərdiyini vurğulayan O.Şirəliyev, son 5 ildə bu sahəyə ayrılan vəsaitin məbləğinin 4 dəfədən artıq çoxaldığını bildirmişdir. Nazir rəhbərlik etdiyi sahədə son illər həyata keçirilən Dövlət Proqramları, onların həyata keçirilməsi ilə bağlı görülən işlər, perspektiv vəzifələr barədə ətraflı məlumat vermişdir.
Bu sahədəki xidmətlərin keyfiyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar son iki ildə 80-ə yaxın tibb müəssisəsinin əsaslı təmir edildiyini bildirən natiq demişdir ki, ötən dövrdə həm Bakıda, həm də rayonlarda yeni xəstəxanalar, poliklinika-ambulator məntəqələri inşa edilərək istifadəyə verilmişdir. Sahə üzrə 9 dövlət proqramının dövlət başçısı tərəfindən təsdiq edildiyi, onların reallaşması üçün konkret addımlar atıldığı qeyd edilmişdir. Nazir bildirmişdir ki, həmin proqramlar bir sıra ağır xəstəliklərin müalicəsi, belə xəstələrin vaxtında qeydiyyata alınması və pulsuz olaraq dərmanla təchiz olunması, yeni doğulmuş uşaqların elektron kartlarla təmin edilməsi, ana və uşaqların bərpa mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi, təcili tibbi yardım sisteminin nəqliyyat vasitələri, avadanlıqla təmini və digər məsələləri özündə əks etdirir. Dövlət başçısının tapşırığına əsasən, bu gün bütün rayonlarda səhiyyə xidmətinin paytaxtla bərabər səviyyəyə qaldırılması üçün də əməli addımlar atılır, tibb müəssisələri ən müasir avadanlıqla təchiz edilir.
Ana və uşaqların sağlamlığının mühafizəsi istiqamətində Heydər Əliyev Fondu tərəfindən də çoxsaylı proqramların icra edildiyi, bunun nəticəsində son illər irsi qan xəstəliklərinin azaldığı, Fondun beynəlxalq xeyriyyə təşkilatları ilə birgə müxtəlif peyvənd kampaniyaları təşkil etdiyi diqqətə çatdırılmışdır.
Sahə üzrə kadrların hazırlanması, həkimlərin digər ölkələrin qabaqcıl səhiyyə müəssisələrində ixtisasartırma kurslarına göndərilməsi məsələlərinin də diqqət mərkəzində saxlandığını bildirən nazir bu məqsədlə son bir ildə Türkiyəyə 100-dən artıq, Almaniya Federativ Respublikasına isə 40-dək həkimin göndərildiyini demişdir.
O.Şirəliyev qeyd etmişdir ki, bu gün rayonlarda aparılan böyük quruculuq işləri nəticəsində infrastrukturun müasir tələblər səviyyəsinə qaldırılması gənc həkimlərin əyalətə həvəslə getməsinə mühüm stimul vermişdir. Belə ki, son iki ildə 3 minədək həkim təyinatla rayon yerlərinə göndərilmişdir. Bu da həmin ərazilərdə səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərmişdir.
Bu istiqamətdə MDB üzvü olan ölkələrlə də sıx əməkdaşlıq əlaqələrinin saxlandığı, Belarus Respublikası ilə səhiyyə sahəsində müqavilə layihəsinin imzalanma üçün artıq hazır olduğu diqqətə çatdırılmışdır.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
######
