AZƏRBAYCANDA SIĞORTA-PENSİYA İSLAHATLARINDA POLŞA MODELİNİN ÜSTÜNLÜKLƏRİNDƏN İSTİFADƏ EDİLMƏSİ MƏQSƏDƏUYĞUN HESAB EDİLİR
AZƏRTAC xəbər verir ki, mayın 14-də Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Polşa Sosial Sığorta İnstitutunun prezidenti Silvestr Ripinskinin başçılıq etdiyi nümyəndə heyəti ilə görüş keçirilmişdir.
DSMF-in sədri Səlim Müslümov qonaqlara müstəqillik qazandıqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermişdir.
Son illər fondda aparılan əsaslı islahatlardan danışan S.Müslümov bildirmişdir ki, DSMF hazırda dünyanın bir çöx ölkələrinin müvafiq qurumları ilə əməkdaşlıq edir.
Vurğulanmışdır ki, DSMF-in qarşısında duran əsas vəzifələrdən biri dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların gələcək pensiya təminatı məsələlərinin qayğısına qalmaqdır. Azərbaycanın pensiya sistemi Avropada mövcud olan pensiya sisteminə yaxınlaşarsa, onda bu sahədə bizim dünyaya səpələnmiş həmvətənlərimizlə yanaşı, müxtəlif ölkələrin burada fəaliyyət göstərən vətəndaşlarının da heç bir problemi olmayacaqdır.
S.Müslümov qonağa həyata keçirilən layihələr haqqında geniş məlumat verərək vurğulamışdır ki, fondda 1 milyon 252 mindən çox pensiyaçı qeydiyyatdadır. Bu, ölkə əhalisinin təqribən 14,5 faizini təşkil edir.
Bildirilmişdir ki, Polşa Şərqi Avropa ölkələri arasında ilk olaraq pensiya islahatlarına başlamış və üçpilləli pensiya təminatı sistemini tətbiq etməklə region ölkələri üçün nümunəvi nəticələrə nail olmuşdur. Bu təcrübə DSMF tərəfindən ətraflı araşdırılmış, Azərbaycanda sığorta-pensiya islahatlarında Polşa modelinin üstünlüklərindən istifadə edilməsi məqsədəuyğun hesab edilmişdir. Bu məqsədlə 2005-ci ilin sentyabrında fondun nümayəndə heyətinin bu olkəyə səfəri zamanı iki qurum arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.
Səmimi görüş üçün təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Polşa Sosial Sığorta İnstitutunun prezidenti Silvestr Ripinski fondda aparılmış islahatları, görülmüş işləri yüksək qiymətləndirmişdir. Qonaq bildirmişdir ki, 2005-ci ildə əldə edilmiş razılığa əsasən həyata keçirilən bu səfər çərçivəsində pensiya təminatı məsələləri, informasiya-kommunikasiya texnologiyalarının tədqiqi, Polşada əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının gələcək pensiya təminatı və digər sahələrdə qazanılmış təcrübə barədə müzakirələr aparılacaqdır.
S.Ripinski Polşada həyata keçirilən sığorta-pensiya sisteminin yaranma tarixi, bu sahədə aparılan köklü dəyişikliklər və qarşılıqlı əməkdaşlığın hər iki qurumun işində yaradacağı dönüş barədə ətraflı məlumat vermişdir.
Səfər çərçivəsində polşalı qonaqlar DSMF-in mərkəzi aparatının və yerli orqanlarının fəaliyyəti ilə yaxından tanış olacaqlar.