ELM VƏ TƏHSİL
AZƏRBAYCANDA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN ƏSASLI TƏMİRİ VƏ YENİ BİNALARIN TİKİNTİSİNİ NƏZƏRDƏ TUTAN DÖVLƏT PROQRAMI HAZIRLANMIŞDIR
Təhsil naziri Misir Mərdanov AZƏRTAC-a bildirmişdir ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən 2008-2012-ci illəri əhatə edəcək “Ümumtəhsil məktəblərinin əsaslı təmiri və yeni məktəb binalarının tikintisi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanmışdır.
Təhsil naziri demişdir ki, Proqramın əsas məqsədi ölkənin bütün məktəblərinin birnövbəli və beşgünlük iş rejimində fəaliyyətinin təmin olunmasıdır. Hazırda 600 məktəb üçün yeni binanın, 700 məktəb üçün əlavə korpusların tikintisinə, 1500 məktəbin əsaslı təmirinə ciddi ehtiyac vardır. Proqram çərçivəsində 2008-ci ildə 122 yeni məktəb binasının, 34 məktəb üçün əlavə korpusların, 4 rayon təhsil şöbəsi üçün yeni inzibati binanın inşası, 80 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur.
Cari ildə 300 məktəbin müasir avadanlıqla təchiz olunması da planlaşdırılmışdır.