İDMAN
Kasablankadan Bakıya 106 günə gələn velosipedçi: Azərbaycanın möhtəşəm təbiəti var
![](/files/galleryphoto/2024/2/1200x630/1716451108435061773_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164511081540731921_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164511081791939783_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164511081633826259_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164511084053143390_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164511082351349682_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164511085862216955_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164511081710133379_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164511083347428104_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716451108435085282_1200x630.jpg)
Bakı, 23 may, AZƏRTAC
Mərakeşli velosipedçi Karim Mosta velosipedlə Azərbaycana gəlib.
AZƏRTAC xəbər verir ki, o, Bakıda yerləşən Respublika Velotrekində Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş ilə birgə media nümayəndələri ilə görüşüb.
Səfir xoş qarşılanmaya görə Azərbaycan Velosiped Federasiyası ilə Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib: "Karim çox tanınmış idmançıdır. Onun rəsmi saytı da var. Burada qət etdiyi ölkələr barədə öz təəssüratlarını bölüşür. Karim Mostanın əsas məqsədi əsrlər öncə məşhur mərakeşli macəraçı İbn Battutanın yolunu getməkdir. Karim onlarla ölkəyə səfər edib. Onun karyerası barədə danışsaq, bu, çox vaxtımızı alar".
O, görüşün Azərbaycan və Mərakeş arasında əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətindən də bəhs edib: "Azərbaycanda çox məşhur və istedadlı velosipedçilər var. Onlar ölkəmizə gələrək öz məharətlərini göstəriblər. Həmçinin, Karimin bu gün burada olması əlaqələrimizin möhkəmlənməsi üçün vacib addımdır".
Karim Mosta isə Bakıya gəldiyi üçün sevincli olduğunu bildirib: "Burada olmaq xoşdur. Fərqli insanlarla tanış olmaq xoşuma gəlir. Kasablanka şəhərindən Bakıya 106 gün ərzində gəlmişəm. Yol uzandıqca, insan daha təəccüblü hadisələrlə rastlaşır. 2019-cu ildə Kasablankadan Məkkəyə, 2022-ci ildə Amsterdamdan Dakara oxşar səfərlər etmişəm. Azərbaycana gəldiyim gündən yalnız mehriban insanlarla qarşılaşıram. Əsasən polislər öz köməklərini əsirgəmirlər. Azərbaycanın İsmayıllı, Şəmkir kimi ecazkar bölgələrində olmuşam. Azərbaycanın möhtəşəm təbiəti var. Həmçinin Xəzər dənizini görmək mənə çox xoş oldu. Bu, mənim arzum idi. Növbəti səfərim Qazaxıstan və Özbəkistana olacaq”.
Sonra Karim Mostanın qət etdiyi ölkələr barədə videoçarx nümayiş olunub.
Qeyd edək ki, iki dəfə Dünya Kubokunun qalibi olmuş Karim Mosta ümumilikdə 150 yarışda iştirak edib.