AZƏRBAYCANIN BALACA İSTEDADLARININ KONSERTLƏRİ VƏ ƏL İŞLƏRİNİN SƏRGİLƏRİ AVROPALILARI HEYRAN ETMİŞDİR
İlk konsert və sərgi mayın 20-də Parisdə YUNESKO-nun qərargahında keçirilmişdir. YUNESKO-nun xoşməramlı səfirlərinin illik hesabat yığıncağında iştirak edən YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Milli Məclisin deputatı, Mehriban xanım Əliyeva və YUNESKO-nun baş direktoru Koişiro Matsuura konsertdən əvvəl çıxış etmişlər.
Konserti İordaniya Haşimilər və Niderland krallıqlarının birinci xanımları, digər xoşməramlı səfirlər də dinləmişlər.
Növbəti iki konsert Strasburq şəhərində olmuşdur. Mayın 22-də Avropanın ən möhtəşəm kilsələrindən biri olan Strasburq Kafedralında konsertdən əvvəl kardinal azərbaycanlı qonaqları salamlamışdır.
Məlum olduğu kimi, 2008-ci il Avropada mədəniyyətlərarası dialoq ili elan edilmişdir. Kafedraldakı konsert Azərbaycanın bu prosesdə fəal iştirakını nümayiş etdirməklə, müxtəlif mədəniyyətlərin və dinlərin bir-birinə yaxınlaşması işinə töhfə olmuşdur. Strasburq Kafedralında konsert təşkil olunmasına müstəsna hallarda icazə verildiyini və burada müsəlman ölkəsi nümayəndələrinin ilk dəfə çıxışını nəzərə alsaq, həmin tədbirin nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyi aydın olar.
Mayın 23-də Strasburq şəhərində Avropa Şurasının Nazirlər Komitəsinin foyesində azərbaycanlı uşaqların rəsmlərindən ibarət sərgi açılmış, Uşaq xor kapellasının konserti olmuşdur.
Sərginin açılışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan, Fransa Senatının sədri Kristian Ponsöle, Albaniya, Moldova, Monako parlamentlərinin sədrləri, Almaniya Bundestaqı sədrinin müavini, onu müşayiət edən nümayəndə heyəti iştirak etmişlər.
Həmin gün Strasburqun «Palais de la Musique et des Congres» sarayında da azərbaycanlı uşaqların iştirakı ilə böyük konsert proqramı olmuşdur. Strasburqda ilk dəfə belə yüksək səviyyədə təşkil edilən tədbirlərdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, onu müşayiət edən nümayəndə heyəti, Avropa Şurası Parlament Assosiasiyasının sədri Luis Maria de Puç, Avropa Şurası Baş katibinin müavini Mod de Bur Bukikkio, Avropa Şurasının Mədəniyyət, təhsil, gənclər və idman üzrə Baş direktoru Qabriella Battaini-Draqoni, təşkilata üzv ölkələrin səfirləri və qurumun digər yüksək vəzifəli təmsilçiləri iştirak etmişlər.
Fransaya səfər çərçivəsində «Luvr muzeyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq üzrə Razılıq Protokolu”nun layihəsi, habelə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 90 illik yubileyi ilə əlaqədar Luvr muzeyində konsertin təşkil edilməsi barədə muzey rəhbərliyi ilə danışıqlar aparılmışdır.
Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlığı inkişaf etdirmək, Azərbaycan mədəniyyəti və incəsənətini təbliğ etmək məqsədilə mayın 26-da Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərinin ən möhtəşəm konsert salonunda -«Théâtre de Wolubilis»də azərbaycanlı uşaqların konserti olmuş, foyedə balaca rəssamların əsərləri nümayiş etdirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə Fransa və Belçikada keçirilmiş bütün tədbirlərin təşkilində ölkəmizin YUNESKO, Avropa Şurası və Avropa İttifaqı yanında daimi nümayəndəlikləri fəal iştirak etmişlər. Uşaq konsertlərinin, rəsm sərgilərinin yüksək səviyyədə hazırlanması və keçirilməsi, uşaq kollektivlərinin, kiçik solistlərin ifaçılıq məharəti tamaşaçıları valeh etmiş və böyük əks-səda doğurmuşdur.
Tədbirlərdə YUNESKO, Avropa Şurası, Avropa İttifaqı və Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri, müvafiq beynəlxalq təşkilatlar yanında ölkəmizin daimi nümayəndələri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan diasporunun üzvləri iştirak etmiş, tədbirlər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.