Azərbaycanın bölgələri ilə Çexiyanın Pardubitse regionu arasında əlaqələr müzakirə edilib
Praqa, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bu ölkənin Pardubitse regionuna səfər edib. Səfər Çexiya parlamentinin Deputatlar Palatasının Pardubitse regionunu təmsil edən deputat, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Vatslav Snopekin təşəbbüsü ilə həyata keçirilib.
Səfər çərçivəsində Fərid Şəfiyev parlamentin üzvü Vatslav Snopek və Pardubitse regionu şurasının üzvü Lyudmila Navratilova ilə görüşüb və Azərbaycanın bölgələri ilə sözügedən Çexiya regionu arasında əməkdaşlıq əlaqələrini müzakirə edib.
Daha sonra səfir Pardubitse şəhərinin meri və Şəhər Şurasının digər rəsmiləri, habelə regionu təmsil edən sənaye, ticarət, kənd təsərrüfatı şirkətlərinin nümayəndələri ilə görüşüb.
Pardubitse şəhərinin meri Martin Xarvat Azərbaycan ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib və ölkəmizin bölgələri ilə iqtisadi-ticarət əlaqələrinin qurulmasına töhfə verməyə hazır olduğunu bildirib. O, yerli müəssisə və şirkətlərin nümayəndələrini səfirə təqdim edib.
Görüşün sonunda Azərbaycan səfiri şəhər meriyasına dəvət olunmuş çex jurnalistlərinin suallarını cavablandırıb.
Səfir, həmçinin Pardubitse şəhərində fəaliyyət göstərən və Azərbaycan iqtisadiyyatı və sənayesi üçün maraq kəsb edə biləcək bir sıra çex şirkətlərinin ofislərində müvafiq şirkət rəhbərləri ilə danışıqlar aparıb və yerli istehsal şəraiti ilə tanış olub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa