AZƏRBAYCANIN ENERJİ SİSTEMİ OPTİMAL REJİMDƏ İŞLƏYİR
- Hazırda ölkənin enerji sistemi stabil rejimdə fəaliyyət göstərir. Respublikanın bütün elektrik stansiyalarında gün ərzində 3350 meqavatdan çox enerji istehsal olunur. Yanvarın 29-da enerji sistemində baş verən qəzadan sonra vəziyyət tamamilə nəzarət altındadır.
Məlum olduğu kimi, bazar günü Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasından Abşeron yarımadasına elektrik enerjisi ötürən 500 kilovoltluq 2-ci yüksək gərginlikli xətdə yerli vaxtla saat 13.17-də, hələlik məlum olmayan səbəbdən açılma baş vermişdi.
Enerji sistemindəki fövqəladə hadisə ilə əlaqədar əmələ gələn çətinliklərin aradan qaldırılması üçün “Azərenerji”də operativ qərargah yaradılmışdır. Yaranmış problemin aradan qaldırılması bilavasitə Azərbaycan Prezidentinin nəzarəti altında olmuşdur.
Ölkənin ən iri elektrik ötürmə xəttində baş vermiş açılma nəticəsində gərginlik avtomatik olaraq, aşağı voltlu və soyuqlarla əlaqədar yüksək dərəcədə yüklənməyə hesablanmamış digər elektrik xətlərinin üzərinə düşmüşdür.
İlkin ehtimallara görə qəza əleyhinə avtomat sistemin işə düşməsi nəticəsində 2-ci Abşeron elektrik ötürmə xəttində açılma baş vermiş, bununla da ölkədə elektrik enerjisinin təxminən yarısını verən Azərbaycan İstilik Elektrik Stansiyasının blokları dayanmışdır.
Beləliklə, respublikanın enerji sistemindəki sabitlik pozulmuş, Əli Bayramlı İstilik Elektrik Stansiyasında, “Şimal” Elektrik Stansiyasında, Bakı İstilik Elektrik Mərkəzində, eləcə də bir çox yüksək gərginlikli elektrik ötürücü, o cümlədən Rusiya ilə enerji mübadiləsi aparılan Dərbənd-Yaşma elektrik xətlərində qəza açılmaları baş vermişdir.
Nəticədə Bakı şəhəri, Abşeron yarımadası, ölkənin şimal bölgələri bir müddət enerjisiz qalmışdır. Həmin müddətdə respublikanın qərb və cənub bölgələrində enerji təchizatında fasilə olmamışdır.
Görülən operativ tədbirlər nəticəsində bir saat ərzində Bakının enerji təchizatı qismən bərpa edilmişdir. Saat 14.15-də Əli Bayramlı İES-dən Bakıya 200 meqavat elektrik enerjisi ötürülməyə başlanmışdır. Enerji ilk növbədə, həyati əhəmiyyətli obyektlərə verilmişdir. Qısa müddətdə Azərbaycan İES-ın 7 blokundan 4-ü, Əli Bayramlı İES-ın 7 blokundan 3-ü, “Şimal” Elektrik Stansiyasında 400 meqavatlıq buxar-qaz qurğusu, Bakı İEM-in hər iki qaz-turbin qurğusu sistemə qoşulmuş, Rusiya Federasiyasının enerji sistemindən elektrik idxalı bərpa olunmuşdur. Bununla da bütün bölgələrin enerji təchizatı qaydaya salınmışdır.
Bir sıra yerli və xarici kütləvi informasiya vasitələrinin Azərbaycanın enerji obyektlərinin birində guya terror aktı törədilməsi barədə yaydıqları məlumat qətiyyən həqiqətə uyğun deyildir. Təkrar edirəm ki, qəza texniki səbəbdən açılma nəticəsində baş vermişdir.
Azərbaycanda yaranmış fövqəladə hadisə ilə əlaqədar qonşu Gürcüstana elektrik enerjisi verilməsi dayandırılmışdır.
Hazırda xüsusi komissiya qəzanın səbəblərini təhqiq edir. Ölkənin enerji sistemi əvvəlki kimi, optimal rejimdə işləyir.