Azərbaycanın investisiya imkanları İtaliyanın nümayəndə heyətinə təqdim edilmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Azərbaycan-İtaliya işgüzar görüşü keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə tikinti, infrastruktur, sənaye, alternativ enerji, ətraf mühit və digər sahələrdə fəaliyyət göstərən italiyalı iş adamları iştirak etmişlər.
İşgüzar görüşdə çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və qurumun fəaliyyəti barədə geniş məlumat vermişdir.
İtaliya-Azərbaycan Ticarət Palatası Assosiasiyasının vitse-prezidenti Emilio Saponara Azərbaycan-İtaliya biznes forumunun əhəmiyyətini diqqətə çatdırmış, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirin iki ölkənin iş adamları arasında mövcud əməkdaşlığın daha da genişlənməsinə və yeni əlaqələrin qurulmasına töhfə verəcəyinə əminliyini bildirmişdir.
İtaliyanın iqtisadi inkişaf nazirinin keçmiş müavini Adolfo Urson ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından məmnunluğunu dilə gətirmiş, əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu söyləmişdir.
İşgüzar görüşdə Azərbaycanın investisiya imkanlarına dair müzakirələr aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.