SİYASƏT
Azərbaycanın Misirdəki səfiri “Cümhuriyyə” qəzetinə geniş müsahibə verib
Qahirə, 12 sentyabr, AZƏRTAC
Azərbaycanın Misirdəki səfiri Tural Rzayev nüfuzlu “Cümhuriyyə” qəzetinə geniş müsahibə verib.
AZƏRTAC xəbər verir ki, “Misir-Azərbaycan: Son 30 ildə tərəqqi dövrü yaşayan iki ölkənin əməkdaşlıq modeli” sərlövhəsi ilə dərc olunan müsahibədə diplomatımız ölkələrimiz arasında münasibətlərin qurulmasının 30 illiyinin İslam Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünə təsadüf etdiyini qeyd edib. O əlavə edib ki, bəşəriyyətin rifahı naminə sülh, tərəqqi və cəmiyyətin inkişafı təşəbbüsləri ilə çıxış edən müasir Azərbaycan Respublikası, eyni zamanda, üç onilliyə yaxın davam edən erməni işğalına son qoyub, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Ordumuzun rəşadəti sayəsində BMT Təhlükəsizlik Şurasının torpaqların işğaldan azad edilməsinə dair qətnamələrini öz gücü ilə yerinə yetirib, ərazi bütövlüyümüzü təmin edib.
Səfir Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mütərəqqi islahatlardan - ilk çoxpartiyalı parlamentin qurulması, qonşularla mehriban əlaqələr, tolerantlıq və ölkəmizdə yaşayan bütün etnik qrupların nümayəndələri üçün bərabər hüquqların təmin edilməsi, hətta bir çox qabaqcıl ölkələrdən də əvvəl qadınlara seçki hüquqlarının verilməsindən bəhs edib.
Son illər Misirlə Azərbaycan arasında əlaqələrin inkişafından danışan diplomat bu ilin fevralında Bakıda keçirilən Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın V iclasını əlaqələrin inkişafı istiqamətində daha bir mühüm addım kimi xarakterizə edib. O əlavə edib ki, bu iclasda müxtəlif sahələrdə əməkdaşlığa dair 4 sənəd imzalanıb, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi həcminin 5 dəfə artdığı qeyd olunub. Ümumilikdə isə son 30 ildə Misir və Azərbaycan arasında 50 sənəd imzalanıb.
T.Rzayev diqqətə çatdırıb ki, iki dost ölkənin əlaqələrinin möhkəmlənməsi dövlət başçılarının əməkdaşlığın perspektivlərinə dair müdrik yanaşmasının, hökumətlərin atdığı konstruktiv addımların nəticəsidir. Belə ki, Misir və Azərbaycan arasında vizalar sadələşdirilib, birbaşa müntəzəm aviareyslər açılıb. Pandemiyadan sonra misirli və azərbaycanlı turistlərin qarşılılıqlı səyahətləri daha da fəallaşıb. Bundan başqa, iş adamları, tədqiqatçı alimlər, media nümayəndələri, müxtəlif sahələr üzrə mütəxəssislərin səfərləri də artıb, ortaq mədəniyyətə malik xalqlarımız arasında mədəni, dini əlaqələr daha da güclənib.
Səfir sonda qeyd edib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad olunmasından sonra bu şəhərdə azan səsi yüksəlib. O vurğulayıb ki, Azərbaycan və Misir İslam sivilizasiyasının mühüm ölkələridir və iki ölkə, eyni zamanda, modernləşmə yolunda inamla addımlayır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə