Azərbaycanın Müstəqillik Günü Latviyada təntənəli şəkildə qeyd olunub
Bakı, 29 may, AZƏRTAC
Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə Riqada rəsmi qəbul təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, rəsmi qəbulda Latviyanın kənd təsərrüfatı naziri, Hökumətlərarası Komissiyanın Latviya tərəfdən həmsədri Armands Krauze, sabiq prezidentlər Raymonds Veyones və Andris Berzinş, Latviya Prezidentinin müşaviri Edvins Severs, dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun üzvləri, ictimaiyyət və diaspor təmsilçiləri iştirak ediblər.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Himnləri Latviya Milli Opera və Balet Teatrının solisti İnqa Şlubovska-Kançeviça ifa edib.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünün qeyd olunduğunu bildirib. O, müasir Azərbaycanın inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunu, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasını və ölkənin bu istiqamətdə əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu deyən diplomat postmünaqişə dövründə Azərbaycanın sülh təşəbbüslərinin və regional layihələrdə iştirakının əhəmiyyətini vurğulayıb.
Səfir Azərbaycan-Latviya münasibətlərinin dinamik inkişafından bəhs edərək son dövrlərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin çoxaldığını və ikitərəfli əməkdaşlığın genişləndiyini qeyd edib. O, Latviyanın kənd təsərrüfatı naziri A.Krauzenin bu ay Azərbaycana, o cümlədən Şərqi Zəngəzura səfərinin yeni imkanlar açdığını bildirib.
Nazir Armands Krauze çıxışında Latviya hökuməti adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəmizə sülh və rifah arzularını çatdırıb. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlıq üçün geniş potensialın mövcudluğunu bildirib.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycanın və Latviyanın tanınmış musiqiçiləri çıxış ediblər. Səsləndirilən muğamlar, xalq mahnıları və klassik əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda qonaqlara Azərbaycan milli mətbəxinə məxsus təamlar təqdim olunub.