AZƏRBAYCANIN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN ABŞ-A SƏFƏRİ
Ölkəmizin Los-Ancelesdəki Baş konsulluğundan AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Kaliforniya ştatına səfərini davam etdirən Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva, Gülər Əhmədova, Asim Mollazadə və Fuad Muradov avqustun 13-də Kaliforniya Senatının yeni seçilmiş sədri Darrel Staynberq ilə görüşmüşlər. Görüş zamanı Cənubi Qafqazdakı son vəziyyət, Azərbaycanın regionda artan rolu və əhəmiyyəti müzakirə olunmuşdur. 2007-ci ilin sentyabrında Azərbaycana səfər edən Kaliforniya qanunvericilərindən ibarət nümayəndə heyətinin başçısı senator Şeyla Küel də görüşdə iştirak etmişdir. O, Azərbaycana səfərindən çox məmnun qaldığını, xalqımızın həqiqətən də qonaqpərvər və tolerant olduğunu bildirmişdir.
Həmin gün Kaliforniya Senatının rəhbərliyi və üzvləri ilə keçirilən görüşdə Azərbaycan nümayəndə heyəti adından çıxış edən Asim Mollazadə Azərbaycanla ABŞ arasında olan müttəfiqlik münasibətlərini, indən belə Kaliforniya ştatı ilə daha da sıx əlaqələr qurulacağını vurğulamış və səfərə dəvətə görə Kaliforniya ştatı Senatının sədrinə minnətdarlığını bildirmişdir. Senatın iclas salonunda ABŞ və ştatın bayraqları ilə yanaşı, Azərbaycan bayrağı da asılmışdır.
Azərbaycan nümayəndə heyətinin növbəti görüşü Kaliforniya ştatı qubernatorunun xarici ticarət üzrə səlahiyyətli nümayəndəsi Qəret Əşli ilə olmuşdur. Nümayəndə heyətimizin üzvləri ölkəmizdə iqtisadi sahədə aparılan islahatlar, regional layihələr və qeyri-neft sektorunun inkişafı barədə məlumat vermişlər. Q.Əşli Azərbaycanın regionun mühüm ölkəsinə çevrilməsi və son nailiyyətləri haqda məlumatı olduğunu bildirmişdir. O, Kaliforniyanın beynəlxalq ticarəti genişləndirməyin tərəfdarı olduğunu vurğulamışdır. Xatırladaq ki, Kaliforniya ştatının qubernatoru A.Şvartsenegger 2008-ci ilin yanvar ayında Ermənistandakı ticarət ofisinin bağlanması barədə qərar qəbul etmişdir.
######
![]() |
![]() |

