Azərbaycanın Qahirədə 12-ci Ümumdünya Şəhərsalma Forumunda iştirakı müzakirə olunub
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasında səfərdə olub. Səfərin məqsədi Misirin şəhərsalma siyasəti və onun icrası təcrübəsi ilə tanışlıq, ikitərəfli əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanlarının müzakirəsidir.
Komitədən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Misirin beş milyon nəfərdən artıq əhalisi olacaq “Yeni paytaxt” layihəsinin birinci mərhələsinin reallaşdırıldığı ərazini ziyarət edib, “hökumət şəhərciyi”, yaşayış məhəllələri və digər təyinatlı tikinti layihələri ilə yerində tanış olub. Anar Quliyev Misirin bu və bir çox digər yeni şəhər layihələrini həyata keçirən Mənzil, Mühəndis-Kommunikasiya Sistemləri və Şəhər İcmaları Nazirliyinin “Yeni paytaxt” ərazisində tikilmiş yeni inzibati binasında nazir Assem Elgazzar ilə geniş tərkibli görüş keçirib. Görüşdə qarşı tərəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhərsalma sahəsində aparılan davamlı islahatlar, bu sahədə dövlət siyasəti və ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib, ərazi planlaşdırılmasında institusional idarəetmə üzrə təcrübə mübadiləsi, ikitərəfli və regional formatlarda əməkdaşlıq imkanlarına dair ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri sözügedən nazirliyin müxtəlif fəaliyyət istiqamətləri üzrə cavabdeh rəsmiləri ilə bir sıra görüşlər keçirib, aidiyyəti mövzulara, o cümlədən 2024-cü ildə Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək 12-ci Ümumdünya Şəhərsalma Forumunda Azərbaycanın iştirakına dair danışıqlar aparıb.