Azərbaycanın sədrliyi ilə regionda tranzit yüklərin rəsmiləşdirilməsinin sürətləndirilməsi barədə müzakirələr aparılıb
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycanın sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurası Gömrük Tranzit Komitəsinin onlayn formatda 7-ci iclası keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, iclasda İƏT üzv dövlətlərinin gömrük və nəqliyyat qurumları, eləcə də Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) və milli BYD zəmanət birliklərinin nümayəndələri iştirak ediblər.
İclasa Azərbaycan Respublikası adından Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov sədrlik edib.
İclasda tranzitin inkişafı sahəsində üzv dövlətlər tərəfindən həyata keçirilmiş tədbirlər, İƏT-in Tranzit Nəqliyyatı Çərçivə Sazişinin (TTFA) icrası, İƏT nəqliyyat dəhlizlərində yerinə yetirilmiş tranzit layihələri üzrə yeniliklər, İƏT regionunda tranzit əməliyyatlarının rəqəmsallaşdırılması, regional dövlət-özəl sektor tərəfdaşlığı, COVID-19 pandemiyası dövründə sərhəd-keçid əməliyyatlarının tənzimlənməsi məsələləri müzakirə olunub.
DGK-nın nümayəndəsi Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin tranzit potensialının inkişaf etdirilməsi, tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, yüklərin çatdırılma müddətinin azaldılması istiqamətində görülən işlərdən danışıb.
Ölkəmizdə gömrük əməliyyatlarının tam elektronlaşdırılması, sərhədkeçmə proseslərinin sadə və sürətli şəkildə həyata keçirilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib. Tranzit yüklərin rəsmiləşdirilməsinin sürətləndirilməsi, BYD Konvensiyasının tətbiqi imkanlarının genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.