Azərbaycanın Tacikistandakı yeni səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib
Düşənbə, 13 aprel, AZƏRTAC
Azərbaycanın Tacikistandakı yeni fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə aprelin 13-də etimadnaməsini bu ölkənin prezidenti Emoməli Rəhmona təqdim edib.
AZƏRTAC xəbər verir ki, Prezident Emoməli Rəhmon Həsən Məmmədzadəni bu münasibətlə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Söhbət zamanı səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident Emoməli Rəhmona çatdırıb.
Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin və ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, iqtisadiyyat, ticarət, humanitar və mədəniyyət sahələrinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Danışıqlar zamanı Emoməli Rəhmonun ölkəmizə rəsmi səfəri müzakirə olunub. Tacikistan Prezidenti dövlətimizin başçısı İlham Əliyevin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib. Tacikistanın dövlət başçısı onun da salamlarını və 11 aprel prezident seçkilərində qalib gəlməsi münasibətilə bir daha təbriklərini dostu-qardaşı olan Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
Görüşdə səfir Həsən Məmmədzadə diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib və Azərbaycan ilə Tacikistan arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etməsi istiqamətində səy göstərəcəyini diqqətə çatdırıb.
Sonra Emoməli Rəhmon ulu öndər Heydər Əliyev barədə danışaraq onun dünya səviyyəli böyük siyasi xadim olduğunu, tarixboyu belə şəxsiyyətlərin çox nadir hallarda yetişdiyini bildirib.
Emoməli Rəhmon Heydər Əliyevin Azərbaycanın parçalanmasının qarşısını aldığını, ölkənin inkişaf yolu tutduğunu, dünya səviyyəsində müstəqil, öz sözünü demək iqtidarına malik olan dövlətə çevirdiyini etimadnaməsini bu gün ona təqdim edən digər səfirlərin də diqqətinə çatdırıb və Ulu Öndərlə bağlı öz xatirələrini bölüşüb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə