CƏMİYYƏT
Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər
Bakı, 8 oktyabr, AZƏRTAC
Audiovizual Şuranın sədri İsmət Səttarov oktyabrın 8-də Belarus Respublikasının "Belarus 24" beynəlxalq kanalının rəhbəri Pavel Lazovik ilə görüşüb.
Audiovizual Şuradan AZƏRTAC-a bildirilib ki, İsmət Səttarov qonağa Audiovizual Şuranın vəzifə və funksiyaları, audiovizual media sahəsinin tənzimlənməsi, eyni zamanda, bu sahədə aparılan fəaliyyət barədə ətraflı məlumat verib. Audiovizual Şuranın sədri Azərbaycanın və Belarusun audiovizual media subyektləri, o cümlədən, televiziya və radio kanalları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib.
"Belarus 24" beynəlxalq kanalının rəhbəri Pavel Lazovik qəbula görə təşəkkürünü bildirib və audiovizual media subyektləri arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib. O, həmçinin Bakıda bir sıra görüşlər keçirəcəyini və bu görüşlərdə iki ölkənin televiziya kanalları arasında əməkdaşlıq perspektivlərini müzakirə edəcəyini vurğulayıb.