AZƏRBAYCANIN VƏ BOLQARISTANIN XARİCİ İŞLƏR NAZİRLİKLƏRİ ARASINDA BİRGƏ MƏSLƏHƏTLƏŞMƏLƏRƏ DAİR MEMORANDUM İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bolqarıstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 18-də bu ölkənin parlamentinin sədri Georgi Pirinski ilə görüşmüşdür.
XİN-in mətbuat xidmətindən bildirmişlər ki, G.Pirinski Bolqarıstanın və Azərbaycanın parlamentləri arasında sıx əlaqələrin olduğunu bildirmiş, dostluq qruplarının fəaliyyətinin artırılmasının vacibliyini vurğulamışdır.
E.Məmmədyarov Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın problemin həlli ilə bağlı ədalətli mövqeyi, Azərbaycanın Avropaya inteqrasiya siyasəti haqqında ətraflı məlumat vermişdir.
Görüşdə yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri məsələsi də müzakirə edilmişdir.
E.Məmmədyarov Bolqarıstan Baş nazirinin müavini, xarici işlər naziri İvaylo Kalfin ilə də görüşmüşdür.
Bolqarıstanın xarici işlər naziri ölkələrimiz arasında siyasi əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmiş, enerji və nəqliyyat sahələrinin prioritet təşkil etdiyini vurğulamışdır.
E.Məmmədyarov həmkarını Azərbaycana dəvət etmiş, qeyri-neft sektorunda, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın vacibliyini qeyd etmişdir.
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Məmmədyarov, münaqişənin regional təhlükəsizlik üçün ən böyük təhlükə olduğunu söyləmş, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı Bolqarıstanın mövqeyinə görə təşəkkürünü bildirmişdir.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Bolqarıstanın GUAM-ın Avropa İttifaqında dostları təşəbbüsünə qoşulmasını təklif etmişdir.
İ.Kalfin Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq üçün imkanların olduğunu bildirmiş və konkret layihələrin müzakirə olunmasını təklif etmişdir. Tərəflər, həmçinin NATO ilə əməkdaşlıq, regional sabitlik, beynəlxalq təhlükəsizlik, humanitar, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Sonda Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrə dair memorandum imzalanmış, birgə mətbuat konfransı keçirilmişdir.
######
