Azərbaycanın və Rusiyanın hesablama palataları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
Bakı, 2 aprel, AZƏRTAC
Hesablama Palatasının icmal-analitik şöbəsinin müdiri Vəfa Mütəllimova, dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiri Cavid Bayramov, beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin müdiri Hilal Hüseynov və sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsinin sektor müdiri Sənan Ağakişiyev Qırğızıstanın paytaxtı Bişkekdə və Moskva şəhərlərində səfərdə olub.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumi səfərin ilk hissəsinin məqsədi Azərbaycan Respublikası Hesablama Palatası ilə Qırğızıstan Respublikası Hesablama Palatası arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, eləcə də iki qurum arasında müvafiq sahələr üzrə bilik və təcrübə mübadiləsinin gələcək istiqamətlərini müəyyən etməkdən ibarət olub.
Qırğızıstan Hesablama Palatasında keçirilən ikitərəfli görüşdə Hesablama Palatası Aparatının rəhbəri N.Osmanov Qırğızıstan Hesablama Palatasının fəaliyyəti barədə geniş məlumat verib. Daha sonra sosial və ətraf mühit sahələrinin xərclərinin auditi şöbəsinin müdiri xanım D.Arstanbekova Qırğızıstanın sosial fondunun büdcəsi ilə bağlı Qırğızıstan Respublikasının qanun layihələrinə rəyin verilməsi, eləcə də bu ölkənin sosial fondunun büdcəsinin icrası barədə hesabata rəyin verilməsi haqqında çıxış edib.
Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti bu sahə üzrə öz təcrübəsini həmkarları ilə bölüşüb.
Görüşdə Qırğızıstan Respublikasında maliyyə hesabatlarının və dövlət büdcəsi gəlirlərinin auditi və təhlili, dövlət xəzinədarlıq sistemində informasiya bazasına çıxışın olması barədə məlumat verilib.
Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti iştirakçıları Hesablama Palatasının qanunvericilik mühiti, funksiya və vəzifələri, fəaliyyət göstəriciləri barədə məlumatlandırıb və ümumilikdə ali audit qurumları arasında birgə əməkdaşlığın vacibliyini qeyd edib və bu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi məqsədilə ikitərəfli əməkdaşlıq üzrə sazişin imzalanmasını təklif edib.
Nümayəndə heyətinin səfərinin növbəti hissəsi Moskva şəhərində Rusiya Federasiyası Hesablama Palatası tərəfindən keçirilmiş büdcə prosesi, metodologiya və ictimaiyyətlə əlaqələr və informatizasiya mövzusunda keçirilmiş seminarda iştirakla bağlı olub. Rusiya Federasiyası Hesablama Palatasının beynəlxalq əlaqələr şöbəsinin müdiri A.Bazin ölkəsində dövlət büdcəsinin icrası üzrə Maliyyə Nazirliyi və digər orqanlar tərəfindən təqdim edilmiş məlumatlardan istifadə edilməsi və büdcənin icrası və büdcə layihəsinə rəyin verilməsi, istifadə olunan metodologiya və cəmiyyətin məlumatlandırılması təcrübəsi mövzuları üzrə çıxış edib.
Rusiya Federasiyasının Hesablama Palatasının çıxışları sırasında bu qurum tərəfindən yaradılmış və federal büdcənin iştirakçısı olan təşkilatların ayrı-ayrı informasiya sistemlərinə çıxışı təmin edən vahid elektron alətə dair təqdimat xüsusi yer alıb.
Azərbaycan Hesablama Palatasının nümayəndə heyətinin üzvü V.Mütəllimova qurum tərəfindən rəy və hesabatların hazırlanması üzrə məlumat verib və palatanın təcrübəsindən söz açıb.
Seminarın sonunda Azərbaycan Respublikası Hesablama Palatası ilə Rusiya Federasiyası Hesablama Palatası arasında gələcək əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və inkişafı məsələləri ətraflı müzakirə edilib.